Bakı, 31 yanvar, AzərTAc
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti, Təhsil Nazirliyi və “British Council Azerbaijan” şirkəti TOPs proqramına – şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi model layihəsinə dəstək verir.
Şirkətdən AzərTAc-a bildirilib ki, “İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən üç ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyası ilə təmin etməkdir. Bu metodun tətbiqi təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir.
Layihə ilkin olaraq mayın 31-dək Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində həyata keçiriləcək. Nəticədə fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda, 3 mindən artıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq.