Bildiyiniz kimi, Bakıda oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçirilir. Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Kinohəftənin üçüncü günü - oktyabrın 3-də Bakıda qonaq olan Rusiyanın tanınmış prodüser, rejissor, ssenarist və ictimai xadimi Aleksey Pimanov Nizami Kino Mərkəzində çəkdiyi "Oveçka Dolli bıla zlaya i rano umerla" filminin nümayişindən öncə tamaşaçıların qarşısında çıxış edib.
Filmini təqdim edən A.Pimanov həmçinin Bakının müasir, gözəl şəhər oldugunu və Bakı sakinlərinin qonaqpərvərliyini xüsusi qeyd edib.
Kriminal komediya və macəra janrında olan bu filmə 1980-ci illərin ironiyalı nostaljisi hopub. Komsomol diskotekaları, qazlı su avtomatları, elmi kommunizmdən verilən imtahanlar, gitara sədaları altında oxunan düşərgə mahnıları, kolbasa almaq üçün düzülən növbələr...
Keçmişin şirin xatirəsinin təsviri filmin ən yaxşı səhnələrindəndir.
Əziz knosevərlər, xatırladırıq ki, Rusiya Kino həftəsi oktyabrın 7-nə qədər davam edəcək və filmər hər gün saat 18:40-da kinomərkəzin böyük zalında nümayiş olunacaq.
Filmlərə giriş sərbəstdir.
Milli.Az



