Bakı, 6 oktyabr, AZƏRTAC
İzmirin Əliağa rayonunda inşası davam etdirilən “Petlim” konteyner limanı layihəsi üzrə görülən işlərin birinci fazası bu ayın sonuna kimi yekunlaşacaq. Limanın gələn ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, hazırda limanda yüklərin qəbul olunaraq yola salınmasında istifadə ediləcək kranlar əraziyə gətirilib və yaxın zamanda qurğuların montajına başlanılacaq.
2013-cü ilin yayından bu vaxtadək layihə çərçivəsində ərazidə həyata keçirilən qazma işlərinin həcmi 4 milyon 800 min kubmetr olub. Ərazidə 330 min kubmetr sahəyə beton örtüyü vurulub, limanın dərinləşdirilməsi üçün dənizin dibindən 1 milyon 150 min kubmetr torpaq kütləsi daşınıb. Dənizin torpaqla doldurulması nəticəsində 53 min kvadratmetr quru sahə əldə edilib.
Keçən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i ilk 30 il müddətində Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.
“Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. İlkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.

“Petlim” konteyner limanı layihəsi üzrə görülən işlərin birinci fazası bu ayın sonuna kimi yekunlaşacaq