Bakı 10 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Almaniyanın “Folksvagen” Fondunun Baş katibi Vilhelm Krulun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə İbrahim Quliyev akademiyanın 70 illiyinə həsr olunan tədbirlər, həmçinin akademiyanın elmi müəssisə və təşkilatlarının fəaliyyəti, elmi istiqamətlər üzrə aparılan tədqiqatlar, eləcə də ölkəmizdə elmin ən müasir sahələrinin inkişafına, multidissiplinar tədqiqatlara, gənc alimlərin yetişdirilməsinə göstərilən yüksək diqqət və qayğıdan danışıb.
Akademik İ.Quliyev AMEA-nın dünyanın ən böyük və tanınmış elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu da diqqətə çatdırıb.
Bakıya ilk dəfə səfər etdiyini deyən “Folksvagen” Fondunun Baş katibi Vilhelm Krul xoş təəssüratlarını bölüşüb. Qonaq Fondun tarixi və fəaliyyəti haqqında məlumat verdikdən sonra yeni əməkdaşlıq əlaqələri və perspektivlər haqqında danışıb. Bildirib ki, Fond Orta Asiya və Qafqaz regionunda, xüsusilə Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsində maraqlıdır. O, Almaniyada təhsil alan magistr və doktorantların təhsillərini tamamladıqdan sonra Azərbaycana qayıdıb fəaliyyət göstərmələri və innovativ tədqiqatlar aparmaları üçün lazımi infrastrukturun yaradılması məqsədilə birgə hazırlanacaq layihələrin də maliyyələşdirilə biləcəyini qeyd edib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
