"Günahlarınızı etiraf edin! Tanrı qarşısında həqiqəti deyin, əməllərinizi boynunuza alın! Yoxsa cəzalanacaqsınız!"
Bu sözlərdən sonra iki gənci döyməyə başlayıblar. Hadisə kilsədə olub və döyülən gənclərdən biri keçinib, digəri isə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Milli.Az NBC-yə istinadən bildirir ki, insident ABŞ-ın Nyu-York ştatındakı Nyu-Hartford şəhərində, kilsədə baş verib.
19 və 17 yaşlı iki qardaşı burada "etiraf"a vadar ediblər.
"Qardaşları kilsəyə "fərdi söhbət"ə dəvət etmişdilər. Burada onlara günahkar olduqlarını, Tanrı qarşısında günahlarını etiraf etmək məcburiyyətində qaldıqlarını deyiblər. Sonra da kilsədəkilər qardaşları vəhşicəsinə döyməyə başlayıblar", - Nyu-Hartford şəhər polisinin yetkilisi Maykl İnserra deyib.
Qardaşların valideynləri, habelə onları döyənlər həbs olunublar. Tutulanlar arasında qardaşların böyük bacısı da var.
"Düşünürük ki, onlar gənci öldürmək yox, möhkəm döymək istəyiblər. Amma gənc aldığı travmalardan həlak olub", - bölgə prokuroru Skott Maknamara deyib.
CNN bildirir ki, Nyu-Hartford şəhərindəki "Həyat Sözü" kilsəsində (Word of Life Church) 19 yaşlı Lukas Leonard və 17 yaşlı Kristofer Leonardı saatlarla döyüblər.
Polis bu gənclərin "günah"larının nədən ibarət olduğunu, onların niyə döyüldüklərini araşdırır.
Leonardlar ailəsinin qonşularının dediklərinə görə, Lukasla Kristoferi valideynləri uzun müddət ev dustağı etmişdilər, küçəyə buraxmırdılar.
Qardaşların valideynləri Brüs və Debora Leonardlar qətldə suçlanırlar.
Lukasla Kristoferin böyük bacıları, 33 yaşlı Sestra Fergüsson, habelə kilsədəki "cəza aksiyası"nda iştirak edən 26 yaşlı Devid Konqreqants və 54 yaşlı Linda Mori, habelə onun qardaşları İrvin və Devid Morilər də tutulublar.
Milli.Az









