Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Hərb tarixi Muzeyində (AHTM) “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə hərbi hissələrin və Silahlı Qüvvələrinin göstərdikləri qəhrəmanlıq nümunələrinin təbliği” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyinin və Azərbaycan Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğurunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
“Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyinin sədri, Qarabağ və Əfqanıstan müharibələrinin iştirakçısı, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, əsrlər boyu xalqımız Vətənin azadlığı uğrunda yadellilərə qarşı savaş meydanlarına atılıb və torpaqlarımızın bir qarışını belə düşmənə verməmək üçün mərdliklə mübarizə aparıb. Azərbaycan xalqı tarixdə qəhrəmanlıqları ilə iz qoyan şəxsiyyətlərlə hər zaman fəxr edib. Cəmiyyətdə hərbi vətənpərvərlik mövzusunda layihələri həyata keçirərkən Azərbaycanın tarixində mühüm rolu olan Cavanşir, Babək, Cavad xan, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan və Cəmşid Naxçıvanskilər, Həzi Aslanov kimi sərkərdələrimizin, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov kimi igid və cəsur qəhrəmanlarımızın şəxsi nümunəsində Vətənə məhəbbət hissini aşılamağa çalışırıq.
Qeyd olunub ki, bu gün də cəmiyyətimizdə Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirilir. Belə oğullarımız Azərbaycanın adını yaşadır, onun ərazi bütövlüyü və suverenliyi uğrunda mərdliklə mübarizə aparırlar. Məhz həmin nəsil 1992-1994-cü illərdə Vətən uğrunda gedən döyüşlərdə düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. Ordumuzun formalaşmağa başladığı ilk illərdə yaradılan hərbi hissələr Daşaltıda, Xocalıda, Şuşada, Laçında, Ağdamda, Tərtərdə, Horadizdə və digər bölgələrdə qəhrəmancasına döyüşərək düşmənə müqavimət göstəriblər.
Sonra “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə hərbi hissələrin və Silahlı Qüvvələrinin göstərdikləri qəhrəmanlıq nümunələrinin təbliği” layihəsinin icraçısı Sevcan Qarayevanın məruzəsi dinlənilib.
Digər çıxışlarda da Silahlı Qüvvələrimizin döyüş yolundan, hərbiçilərimizin qəhrəmanlıqlarından, Azərbaycan Ordusunun bugünkü hərbi qüdrətindən və ona göstərilən yüksək dövlət qayğısından danışılıb.
Sonra hərbi vətənpərvərlik mövzusunda çəkilən “Briqada” videoçarxı nümayiş olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələrinin təbliğinə dair tədbir keçirilib