Tbilisi, 21 oktyabr, AZƏRTAC
Gürcüstanın paytaxtında keçirilən beynəlxalq kino festivalında Azərbaycanın Xalq Artisti, tanınmış rejissor Oqtay Mirqasımovun "Qisas almadan ölmə. Keçmişdən məktublar" filmi nümayiş olunub.
Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər Oqtay Mirqasımovun yaradıcılığından danışıb, onun rejissoru olduğu filmlərin mahiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi çox gözəl səhnə əsəridir və bu, rejissorun qeyri-adi istedada malik olduğunu bir daha sübut edir.
Oqtay Mirqasımov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib.
Xalq Artisti Gürcüstanla bağlı xatirələrini bölüşüb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, bu ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
O.Mirqasımov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: "Qisas almadan ölmə. Keçmişdən məktublar" filminin çəkilişləri Azərbaycanda, Gürcüstanda və Almaniyada aparılıb. Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur. Film artıq bir neçə ölkədə uğurla nümayiş etdirilib və düşünürəm ki, Gürcüstanda da maraqla qarşılanacaq.
Filmdə Ramiz Əzizbəyli, Ayan Mirqasımova, Qurban İsmayılov, Giya Caparidze, Revaz Tvalkviladze, Diter Hallervorden, Ulrix Rexenbax, Haynt Kryukeberq və başqaları çəkiliblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Tbilisidə “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi maraqla qarşılanıb
Tbilisidə “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi maraqla qarşılanıb