Bakı, 22 oktyabr, Nihat Budaqov, AZƏRTAC
İzmirin Əliağa rayonunda “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşası davam etdirilən “Star” neft emalı zavodunun infrastrukturunun 95 faizi tamamlanıb. Hazırda maşın və avadanlıqların montaj edilməsi üçün lazımlı infrastruktur qurulur. 2018-ci ildə istehsala başlayacaq zavod Türkiyə iqtisadiyyatına illik 2-2,5 milyard dollara qənaət etməsinə şərait yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib. K.Yavuz illik 10 milyon ton xam neft emalı tutumuna malik olacaq zavodun infrastrukturun qurulmasına qoyulan investisiyanın tamamlanmaq üzrə olduğunu deyib. Hazırda “Star” üzrə ümumi işlərin 33 faizi tamamlanıb və bu vaxtadək 2 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirilib.
“Bu ayın sonundan etibarən zavoda maşın və avadanlıqların gətirilməsinə başlanılacaq. 2016-cı və 2017-ci illərdə isə xam neft bazalarının, maşın və avadanlıqların montajı həyata keçiriləcək. 2018-ci ilin əvvəlindən isə zavodda istehsala başlanılacaq. Hazırda inşaat işlərində 4 minə yaxın işçi çalışır, gələn il bu rəqəm 10 minə çatacaq”, - deyə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri bildirib.
Xatırladaq ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.