Tbilisi, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın Xalq Artisti, tanınmış rejissor Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülüb.
Festivalın təşkilatçısı, kinorejissor, professor Qeorgi Qelaşvili AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, İslam dininə ibadət edən rejissorun filmi ilk dəfədir xristian dini liderinin adı ilə bağlı keçirilən festivala dəvət olunub. Oqtay Mirqasımovun filmində bütün dinlərin vəhdətinin tərənnüm olunması bizi bu addımı atmağa vadar edib. Filmin əsas süjet xəttini əsil tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir. Bu da Gürcüstan, Polşa, Ukrayna və Baltik regionu ölkələrindən olan münsiflərin diqqətindən yayınmayıb. O.Mirqasımovun filmi baş mükafatla yanaşı üç nominasiyada da qalib gəlib.
Mükafatı Azərbaycanın Xalq Artistinə festivalın münsiflər heyətinin sədri, kinoşünaslıq üzrə elmlər doktoru, tanınmış aktrisa Marina Reselidze təqdim edib.
Tədbirdə Gürcüstanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
“Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Tbilisidə keçirilən festivalın baş mükafatına layiq görülüb
“Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Tbilisidə keçirilən festivalın baş mükafatına layiq görülüb
“Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi Tbilisidə keçirilən festivalın baş mükafatına layiq görülüb