Bakı, 2 fevral, AzərTAc
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Bakıda, Gəncədə və Lənkəranda əvvəllər məhkum olunmuş şəxslərin üzərində narkotik vasitələr aşkarlanıb.
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Samir Sadıqovdan 15 qram marixuana götürülüb. Ona məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı isə əlavə 5 kiloqram 200 qram marixuana aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşları Cəlilabad rayon sakini Hikmət Quliyevdən 3 kiloqram marixuana götürüblər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Anar Ramazanovdan 1,2 kiloqram tiryək aşkarlanıb.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.