Qəbələ, 29 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkəmizin torpaq, iqlim şəraiti burada üzümçülüyün böyük sahələrdə və ilboyu intensiv becərilməsi üçün çox əlverişlidir. Elə bu baxımdan da kənd təsərrüfatının bu mühüm sahəsi daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Respublikamızın iri aqrar rayonlarından olan Qəbələdə də kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Belə ki, son vaxtlar Qəbələdə üzümçülük sahəsinin dirçəldilməsi, onun keçmiş şöhrətinin özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirib ki, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırda rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən ardıcıl işlər görülür. Cari ildə fermerlər tərəfindən 15 hektar sahədə yeni üzüm bağı salınıb. Hazırda rayonda 480 hektar sahədə bar verən üzüm bağı mövcuddur. Hələ keçmiş sovetlər dövründə rayonda 1100 hektardan artıq üzüm sahələri olub və üzümün ilkin emalı müəssisəsi fəaliyyət göstərib. Məlum antialkoqol tədbirləri çərçivəsində həmin üzüm sahələri tamamilə məhv edilmişdi. Lakin, son vaxtlar rayonda üzümçülük və şərabçılığın inkişafı diqqət mərkəzindədir. Hazırda rayonda iki hüquqi və bir fiziki şəxs tərəfindən yeni üzüm plantasiyalarının salınması istiqamətində işlər aparılır. Bu il rayonun üzümçülük təsərrüfatlarından 3743 ton məhsul tədarük olunub, hazırda üzüm yığımı davam edir.
İndiyədək “Aqro-Azərinvest” MMC tərəfindən 165 hektar sahədə, “Aspi-Aqro” MMC tərəfindən 340 hektar sahədə, fiziki şəxs Fədail Rəhimov tərəfindən isə 26 hektar sahədə yeni üzüm plantasiyaları salınıb. Sahələrə Gürcüstandan Saperavi, Rkasiteli, Mtsvane, Aleksandrauli, Fransadan Cabernet, Sauvignon, Cabernet Franc, Pinot Noir adlı calaqlı texniki üzüm sortları, eləcə də Özbəkistandan süfrə üzüm sortları olan Batır, Qara kişmiş, Ağ kişmiş, Çəhrayı tayfu gətirilərək əkilib. Rayonda üzümçülüyü və şərabçılığı ildən-ilə inkişaf etdirməyi qarşıya məqsəd qoyan “Aqro-Azərinvest” MMC tərəfindən Qəbələdə şərab istehsalı zavodu, “Aspi-Aqro” MMC tərəfindən isə üzüm emalı zavodu inşa olunub.
Rayonun Qaradeyn kəndi ərazisində “Aspi-Aqro” MMC-nin “Aspi Winery” üzüm emalı zavodunun fəaliyyətə başlaması bölgədə üzümçülüyün inkişafına təkan verib. Zavodun inşasında və yeni üzüm bağlarının salınmasında əsas məqsəd Qəbələ rayonunda qədim tarixə malik olan şərabçılıq sahəsinin əvvəlki şöhrətinin bərpa edilməsi və Azərbaycan süfrəsinin dünyanın ən gözəl, yüksək keyfiyyətli üzüm növləri və şərab çeşidləri ilə təmin olunmasıdır. Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
“Aspi-Aqro” MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın ən qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA Cooperative Rausedo” VCR və Fransanın “Gontard Freres” şirkətləri ilə sıx əlaqə yaradaraq Qəbələ rayonunda nadir iqlim şəraitinə malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində geniş üzüm sahələri salıb. Ərazinin dəniz səviyyəsindən 400 metr yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və müxtəlif yerlərdən götürülmüş torpaq nümunələrinin İtaliya və Fransa şirkətlərinin laboratoriyalarında aparılmış analizləri Qəbələdə yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
“Aspi Winery” üzüm emalı müəssisənin illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı ilə təchiz olunub. Hazırda burada 7 növ məhsul istehsal olunur. Gələcəkdə 11 növ məhsulun istehsalı planlaşdırılır. Burada istehsal olunan “Savalan” şərablarını məşhurlaşdıran hər şeydən əvvəl ideal coğrafi və iqlim şəraitidir. Belə şəraitdə yetişmiş üzüm özünəməxsus xüsusiyyətlərə malik autentik şəraba çevrilir. Bu, əsrlərlə formalaşan ənənələrin və müasir şərabçılıq meyillərinin ahəngidir. Zavodda konyak və şərab məhsulları yüksək ixtisaslı xarici mütəxəssislərin rəhbərliyi ilə istehsal olunur və yoxlanılır. Şərablar müəyyən olunmuş bütün normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır ki, bu da ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları Rusiyaya ixrac edilir. Şərabların gələcəkdə Ukrayna, İtaliya, İsveç və başqa ölkələrə ixrac edilməsi də planlaşdırılır. Zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılıb. İstehsal olunan məhsullar İngiltərədən alınan və MDB məkanında yalnız bu müəssisədə quraşdırılan lazer analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir və bir dəqiqə ərzində şərabın və ya üzüm şirəsinin 24 parametrini maksimal dəqiqliklə müəyyən etməyə imkan verir. Standart laboratoriyalarda bu cür analizlər iki həftədən çoх vaxt aparır.
“Aspi-Aqro”nun “Aspi Winery” üzüm emalı müəssisəsinə məxsus 340 hektar sahədə üzüm plantasiyası mövcuddur. Həmin ərazidə İtaliyadan gətirilən 22 sort şərab və 14 sort süfrə üzümləri əkilib. Bu il həmin üzüm bağından 900 tona yaxın məhsul toplanıb. Burada 200 nəfər işlə təmin edilib. Ən başlıcası isə hazırda bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır.
Qəbələnin üzüm və şərabçılıq məhsulları xarici ölkələrə də ixrac olunur
Qəbələnin üzüm və şərabçılıq məhsulları xarici ölkələrə də ixrac olunur
Qəbələnin üzüm və şərabçılıq məhsulları xarici ölkələrə də ixrac olunur