Bakı, 29 oktyabr, AZƏRTAC
Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcminə görə Böyük Britaniya şirkətləri birinci yeri tutur. Bununla yanaşı, Böyük Britaniya Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcminə görə isə ikinci yerdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev jurnalistlərə deyib.
​"Bu çərçivədə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olması, müxtəlif hökumətlərarası platformaların yaradılması əlaqələrimizin inkişafı, iqtisadi, ticari və digər istiqamətlərdə müxtəlif layihələrin müzakirəsi üçün yeni imkanlar açıb. Qeyd edim ki, İqtisadiyyat və Sənaye Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə ötən bir il ərzində 300-dən çox biznes forum, sərgi, ikitərəfli görüşlər, "dəyirmi masa"lar keçirilib. Bu tədbirlərin əsas məqsədi məhz xarici investorları və Azərbaycanın biznes dairələrinin nümayəndələrini bir araya gətirmək, onlar arasında əməkdaşlığın, konkret layihələrin müzakirə edilməsi üçün müvafiq platforma yaratmaqdır. Xarici investisiyaların cəlb edilməsi ölkəmiz üçün prioritet məsələsidir. Biz bütün sektorlara xarici investisiyaların cəlb edilməsində maraqlıyıq", - deyə nazir müavini qeyd edib.