Qax, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
112 saylı Qax seçki dairəsinin tərkibinə daxil olan 58 seçki məntəqəsinin hər biri noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə tam hazır vəziyyətdədir.
Bu barədə AZƏRTAC-a dairə seçki komissiyasının sədri Abdukərim Əliyev məlumat verib.
Komissiya sədrinin bildirdiyinə görə, dairənin bütün seçki məntəqələri daşınan və daşınmaz seçki qutuları, etibarlı rabitə sistemi, elektrik generatoru və digər texniki vasitələrlə təmin olunub, məntəqələrə seçki bülletenləri paylanılıb. Səsvermə otaqları seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil olunub, müşahidəçilər üçün xüsusi yer ayrılıb.
41 min 741 seçicinin qeydə alındığı bu dairədə 711 nəfər gənc seçici ilk dəfə səs verəcək. Seçicilərin 912 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə 8 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Dairənin tərkibinə daxil olan 19 saylı seçki məntəqəsi Meşəbaş kənd ümumi orta məktəbin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqə də səsvermə gününə tam hazırdır. Məntəqə seçki komissiyasının sədri Maquli Otaraşvili AZƏRTAC-a bildirib ki, məntəqədə 300 seçici qeydə alınıb. Ən yaşlı seçici Tina Babacanaşvilinin 88 yaşı var. O, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkidə də şəxsən məntəqəyə gələrək səs vermək arzusundadır.
Seçki məntəqəsi bütün zəruri avadanlıq və texniki vasitələrlə təmin olunub. Bütün seçicilərə səsvermənin vaxtı və gedişi barədə bildirişlər paylanılıb. Komissiya üzvləri səsvermə gününün prosedurları barədə məlumatlandırılıblar.

