Bakı, 31 oktyabr, AZƏRTAC
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin “Politico” jurnalında Azərbaycanla bağlı dərc edilmiş qərəzli və qeyri-obyektiv yazısına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmin dərginin 31 oktyabr tarixli nömrəsində cavab məqaləsi ilə çıxış edib.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan xalqının azad iradəsi” adlı məqalədə bildirilir ki, Nils Muiznieksin 28 oktyabr tarixli yazısı Azərbaycandakı mövcud real durumu əks etdirmir və ölkədə seçkiöncəsi vəziyyət haqqında düzgün məlumat təqdim etmir. Məqaləsində N.Muiznieks noyabrın 1-də keçiriləcək seçkilərin rəsmi nəticələri bəyan olunmadan onun yekunları haqqında əvvəlcədən fikir söyləməyə cəhd göstərir. O, həmçinin 5 milyondan artıq sayı olan Azərbaycan elektoratı və 1200 namizədin adından danışmağa çalışır.
H.Hacıyev qeyd edir ki, Azərbaycan hökuməti tərəfindən seçkilərin azad, açıq və şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qarşıdan gələn parlament seçkiləri Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər qurumları təmsil edən 500-dən artıq beynəlxalq müşahidəçi, eyni zamanda, 60 mindən çox yerli müşahidəçi tərəfindən izlənəcək.
Hər hansı əsaslandırılmış faktlara istinad edilmədən Nilz Muiznieksin “1991-ci ildə müstəqilliyini əldə edəndən etibarən Azərbaycanda keçirilmiş seçkilər qanunauyğunsuzluqlarla müşayiət olunub”, deyə siyasi bəyanatı bu seçkilərdə iştirak etmiş namizədlərə və müşahidəçilərə qarşı hörmətsizlik kimi qəbul olunur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasına gəldikdə isə müəllif onu qeyd etməkdən yayınır ki, ATƏT/DTİHB seçki məntəqələri və müşahidəçilərin sayı barədə qeyri-mütənasibliyə aydın izahat gətirməyərək Azərbaycandakı seçkilərə müşahidə missiyasının göndərilməməsi ilə bağlı özbaşına qərar qəbul edib. ATƏT/DTİHB siyasi mülahizələrlə çıxış etməməli, seçkilərdə üzv dövlətlərə texniki dəstək göstərməlidir. Buna görə də onun maliyyələşdirilməsi təmin edilir. ATƏT/DTİHB-nin bu cür münasibəti onun mandatının kobud şəkildə pozulmasıdır. ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunduğu kimi, ATƏT/DTİHB-nin mandatının üzv dövlətlər tərəfindən yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
H.Hacıyev qeyd edir ki, komissar, eyni zamanda, müvafiq istintaq və məhkəmə qərarı ilə bəzi şəxslərin həbs edilməsini seçki prosesi ilə bağlamağa çalışır. Bunlar tamamilə əlaqəsi olmayan məsələlərdir. Çox maraqlıdır ki, fərdi cinayət işlərindən danışan N.Muiznieks bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasından danışmaqdan yan keçir. Bu insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qanlı etnik təmizləməyə məruz qalıblar.
Siyasi məzmunda Avropa İnsan Hüquqları Məhkəməsinin 2005-ci və 2010-cu illərə aid qərarlarını təfsir edən N.Muiznieks bu Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” qərarının üzərindən sükutla ötür. Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalına dair məsuliyyətini inkar etməsinə son qoyur. Eləcə də bu qərarda Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaları və öz mülkiyyətlərindən istifadə etmək hüquqlarını ifadə etmələrinin qarşısını aldığı qeyd olunur.
Avropa Şurası komissarının “Azərbaycanın beynəlxalq təcridi” barədə iddiası isə hər hansı tənqidə dözmür. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal və məsuliyyətli üzvü olmaqda davam edəcək. Etibarlı və aydın xəttə malik ölkə kimi Azərbaycanın tərəfdaşlarının şəbəkəsi yalnız artmaqdadır.
Sonda H.Hacıyev qeyd edir ki, seçkilər hər bir ölkədə demokratik prosesin vacib komponentidir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan xalqının azad iradəsi, fəal iştirakı və səsləri seçkilərin nəticələrini müəyyən edəcək.