Bakı, 31 oktyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə ən yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Bununla bağlı RYTN-də verilən əmrə əsasən, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə RYTN-in şöbə və müəssisələrinin, habelə, yerli informasiya şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nüfuzlu tədbirlərdə, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunları zamanı rabitə xidmətlərinin keyfiyyətli təşkili ilə bağlı RYTN mütəxəssisləri böyük təcrübə qazanıblar və üzərilərinə düşən işin öhdəsindən müvəffəqiyyətlə gəliblər.