Tbilisi, 3 noyabr, AZƏRTAC
Tbilisidə Qara dəniz hövzəsi ölkələri Qeyri-Hökumət Təşkilatlarının (QHT) 8-ci beynəlxalq forumu keçirilib.
Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə Qara dəniz hövzəsi və MDB ölkələrində vətəndaş cəmiyyətinin inkişafında, korrupsiyaya qarşı mübarizədə dövlətlərin, xüsusən də QHT-lərin rolu müzakirə olunub.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədr müavini, gənc iqtisadçı Nicat Hacızadə tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, vətəndaşların sosial problemlərinin həlli, bürokratik maneələrin aradan qaldırılması istiqamətində atılan addımlar, o cümlədən ASAN xidmətin fəaliyyəti, QHT-lərin inkişafı barədə məlumat verib. Onun məruzəsi maraqla qarşılanıb.
N.Hacızadə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində forum haqqında danışaraq deyib: “Forumda Qara dəniz hövzəsi və MDB ölkələrindən xeyli nümayəndə iştirak edib. Panel iclaslarda QHT nümayəndələri öz ölkələrinin təcrübəsini bölüşüblər. Mən Azərbaycanda korrupsiyaya qarşı mübarizə, vətəndaşların sosial problemlərinin həlli sahəsində görülən işlər barədə məruzə etdim. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və ASAN xidmətin fəaliyyəti barədə məlumatlar dinləyicilər tərəfindən maraqla qarşılandı. Məruzə ətrafında müzakirələr zamanı, eləcə də fasilədə Rusiya, Moldova, Ukrayna, Ermənistan və digər ölkələrin nümayəndələri ASAN xidmətin fəaliyyəti ilə maraqlanıb, bu xidmətin funksiyalarını öyrənmək istədiklərini bildiriblər. ASAN xidmətin fəaliyyətində könüllülərin rolu da diqqət çəkib. Onlar bunu Azərbaycanda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafının, eləcə də gənc nəslin maariflənməsinin və gələcəyə baxışlarının yüksək göstəricisi kimi qiymətləndiriblər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi