Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Koreya İnvestisiya Korporasiyası tərəfindən 2015-ci il 1-3 noyabr tarixlərində Cənubi Koreyanın paytaxtı Seul şəhərində təşkil edilmiş Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə “Dəyirmi masa”da iştirak edib.
Fondan AZƏRTAC-a bildirilib ki, “Dəyirmi masa” suveren və təqaüd fondlarının birgə investisiya üzrə əməkdaşlağı üçün yaradılmış yeni bir platformadır. “Dəyirmi Masa”nın illik iclasında ən mühüm qlobal institutlar, aparıcı vəsaitlərin idarə edilməsi üzrə menecerlər, ən böyük suveren və təqaüd fondlarından olan 400 investor toplanıb. İclasda makro-iqtisadi dəyişikliklər, birgə investisiya sahəsində menecerlər arasında səmərəli əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi kimi mövzularda müzakirələr aparılıb.
Görüşdə növbəti iclasın 2016-cı ildə ARDNF tərəfindən Bakıda təşkil olunması razılaşdırılıb. Növbəti iclasın təşkilatçısı olaraq Şahmar Mövsümov “Dəyirmi masa”nın simvolik bayrağını və sədrlik vəzifəsini ilk iclasa sədrlik etmiş Koreya İnvestisiya Korporasiyasının İcraçı direktoru və sədri, cənab Hankdan təhvil alıb. “Dəyirmi masa”nın ilk iclası Şahmar Mövsümovun bu platformanın gələcək inkişaf perspektivləri ilə bağlı nitqi ilə yekunlaşıb.