Rusiyanın "Metrojet" ("Koqalımavia") aviaşirkətinin qəzaya uğramış "Airbus A 321" təyyarəsi ilə bağlı şok effekti yaradan məlumat yayılıb.

Misirin Şarm əl Şeyx şəhərindən 7К9268 reysi ilə Sankt-Peterburqa uçan təyyarə Sinay yarımadasının səmasında qəzaya uğrayıb. Laynerin yerə düşməsi nəticəsində təyyarədəki 224 nəfərin hamısı həlak olub.
Həlak olanların arasında 25 uşaq vardı.
Milli.Az NTV-yə istinadən bildirir ki, təyyarənin stüardlarından biri Oleq Yermakov möcüzə nəticəsində sağ qalıb.
"Koqalımavia" aviaşirkətində çalışan və məhv olmuş "Airbus A 321"in heyətini əla tanıyan O.Yermakov deyir: "Bu təyyarədə dəfələrlə uçmuşam. Təyyarəni öz aramızda "Culka" adlandırırdıq. Təyyarəyə və heyət üzvlərinə bələddim. Oktyabrın 31-də plana uyğun olaraq həmin reysdə olmalıydım. Amma reysə bir həftə qalmış ərizəmi yazıb işdən çıxdım".
O.Yermakovun sözlərinə görə, işdən çıxmasının səbəbləri çox olsa da, ən əsası atasının gördüyü yuxu olub.
"Atam dedi ki, yuxuda məni görüb. Çox pis yuxu imiş. "Oleq, işdən çıx!" dedi mənə. Dediyinə görə, yuxuda təyyarənin qəzaya uğradığını görüb, mən də həmin təyyarədə olmuşam. Elə həmin səhər işə gedib ərizəmi yazdım. İş yoldaşlarıma da yuxu barədə heç nə demədim. Çünki məni anlamazdılar", - O.Yermakov söyləyib.
Stüardın sözlərinə görə, qəzaya uğramış təyyarənin heyəti təcrübəli pilotlar olublar: "Onlar çox peşəkar insanlardılar. Həyatımı onlara etibar edərdim".

Milli.Az