Bakı, 6 noyabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov elan edib ki, İddiaçıların Turniri 2016-cı il martın 10-dan 30-dək Moskvada keçiriləcək. Turnirdə bolqar şahmatçısı, keçmiş dünya çempionu Veselin Topalov da daxil olmaqla səkkiz qrossmeyster iştirak edəcək.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla bildirir ki, bu qərar sabiq dünya çempionunun meneceri Silvia Danailovu çox məyus edib. Danailov bildirib ki, Topalovun həmin turnirdə iştirakı məsələsini onunla müzakirə edəcək.
O deyib: “Biabırçılıqdır. Tamamilə biabırçılıqdır. Elə bil, İddiaçıların Turnirinin keçirilməsi üçün başqa yer yoxdur, artıq üçüncü dəfədir ki, turnir Rusiyada keçirilir”.
Danailovun fikrincə, bu seçim Topalovun yaxşı oynamasına yalnız mane olacaq. O, daha sonra deyib: “Təşkilatçılar bilirlər ki, Topalov orada özünü narahat hiss edəcək. Turnir Los-Ancelesdə, yaxud Bakıda keçirilsə, daha yaxşı olardı”.
Bir neçə gün bundan əvvəl Topalov özü də böyük turnirləri əsasən Rusiyada təşkil edən FİDE-nin siyasətindən narazı olduğunu bildirib. Topalov bunu belə izah edib: “Turnirin Cənubi Afrika Respublikasında keçirilməsi təklif edilmişdi, lakin həmin təklif qəbul edilmədi, halbuki, bu, Afrikada şahmatın populyarlaşmasına çox kömək edərdi”.