Tokio, 4 fevral, AzərTAc
Yaponiya İŞİD yaraqlıları tərəfindən İordaniya hərbi-hava qüvvələrinin təyyarəçisinin öldürülməsini pisləyir. Bu barədə fevralın 4-də parlamentdə çıxış edən Baş nazir Şinzo Abe bəyanat verib.
Ş.Abe deyib: “Biz bu dəhşətli terror aktını kəskin şəkildə pisləyirik. Bu gün mən İordaniya xalqı ilə həmrəy olduğumuzu bildirmək istəyirəm”. Hökumətin başçısı, həmçinin bildirib ki, Yaponiya heç zaman terror təhlükəsi qarşısında geri çəkilməyəcək.
Fevralın 3-də terrorçular internetdə iordaniyalı təyyarəçinin qətlini əks etdirən kadrlar yerləşdiriblər. Təyyarəsi dekabrın 24-də Suriyanın Rakka şəhəri üzərində vurulan Muaz Yusef al-Kasaba İŞİD yaraqlıları tərəfindən diri-diri yandırılıb.
Ötən həftənin sonlarında İŞİD, həmçinin yapon girov Kenzi Qotonun öldürülməsini əks etdirən kadrları internetə yerləşdirmişdi.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio