Kanberra, 10 noyabr, AZƏRTAC
Avstraliyanın Mövlud adasında polis qeyri-leqal miqrantların müvəqqəti saxlama mərkəzində qarışıqlığı aradan qaldırmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. “Sky News” televiziya kanalının verdiyi məlumata görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Adadakı miqrantaların müvəqqəti saxlandığı mərkəzdə qarışıqlıq noyabrın 9-da başlayıb. Mövlud adası Hind okeanında Cakartadan 500 kilometr, Avstraliyanın şimal-qərb sahillərindən 1,7 min kilometr məsafədə yerləşir.
Yerli KİV-lərin yazdığına görə, qarışıqlığın başlanmasına səbəb İran mənşəli bir kürdün qəfil ölümü olub. Kürdün cəsədi sahildəki qayalardan birinin üzərində tapılıb. Onun həlak olmasının səbəbləri hazırda araşdırılır. Lakin hadisə buradakı miqrantların həyacanlanmasına və mərkəzdəki bir neçə binanı dağıtmasına səbəb olub.
Avstraliya İmmiqrasiya və Sərhədlərin Mühafizəsi Nazirliyinin nümayəndəsi bildirib ki, hazırda hakimiyyət orqanları vəziyyəti nəzarətə almağa çalışır.
KİV-lərin məlumatına görə, Mövlud adasında hazırda 200-dən çox miqrant var. Onlar gizli yollarla Avstraliyaya keçməyə çalışsalar da, sahil mühafizəsinin patrul gəmiləri tərəfindən saxlanılıblar. Avstraliyanın hazırkı hökuməti bəyan edib ki, belə miqrantların heç birinə Avstraliya vətəndaşlığı verilməyəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra