Aksiyada şəkərli diabetin profilaktikasına dair İSİM tərəfindən tərtib və çap edilən maarifləndirmə materialları paylanılacaq.
Xatırladaq ki, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur.
Qeyd edək ki, dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.
Diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olan insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.
Azərbaycanda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin, şəkərli diabetdən ölüm göstəricisi enib.