Bakı, 11 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş altı yeni dərs vəsaitinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin 130 və akademiyanın eksperimental məktəb-studiyasının 35 illiyinə həsr olunub.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək nəşr olunan kitabların əhəmiyyətindən söz açıb. O, kitabların dərslik vəsaiti kimi istifadə olunmasını musiqişünaslıq elminin inkişafına yönələn töhfə kimi dəyərləndirib.
Bildirilib ki, təqdim olunan nəşrlərin elmi redaktorları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli və akademiyanın məktəb-studiyasının direktoru, Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur.
Əvvəlcə “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı proqramı” tədris vəsaiti təqdim olunub. Proqramın əsas mahiyyətini böyüməkdə olan gənc nəslin milli musiqi gen yaddaşının bərpası və bu baxımdan daha da formalaşması təşkil edir. Daha sonra Azərbaycan ladlarının tədrisinə dair Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” traktatının Tərlan Seyidov tərəfindən adaptasiya olunmuş dərs vəsaiti və ikicildli “Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat” kitabı təqdim edilib. Növbəti təqdimatda akademiyanın dosenti, Əməkdar Müəllim Lalə Dadaşovanın tərtib etdiyi I-XI sinif şagirdləri üçün “Solfecio” (birsəslilik) fənni üzrə ilk universal dərs vəsaiti yer alıb. Burada ümumdünya musiqi klassikası ilə yanaşı, Azərbaycan bəstəkarlarının yaradıcılığı və xalq musiqi nümunələri geniş şərh edilir.
Təqdim olunan sonuncu dərs vəsaiti Xalq Artisti Fərhad Bədəlbəylinin redaktəsi ilə işıq üzü görən “Cahangir Qarayevin fortepiano üçün sonatası” kitabıdır. Nəşrdə sonatanın itirilmiş əlyazmasının surəti Tərlan Seyidov tərəfindən saxlanılıb və bərpa olunaraq nəşr edilib.
Sonda bu istiqamətdə görülən işlər mədəniyyət və incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilib.
Tədbir akademiyanın məktəb-studiyasının ifaçı şagirdlərinin repertuarında müxtəlif musiqi nömrələrinin səslənməsi ilə davam edib.