Bakı, 11 noyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun Yardımlı rayonunun Çayüzü kəndində keçirdiyi işgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 563,5 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, arıçılıq, əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Yardımlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Yardımlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin), çörək, şirniyyat, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Yardımlı rayonundan olan 303 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 650-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2697 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,9 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 11 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Forum çərçivəsində Yardımlıda güzəştli kredit verilmiş arıçılıq təsərrüfatlarına baxış keçirilib.