Beynəlxalq Tolerantlıq Günü silsilə tədbirlərlə qeyd edilib

Beynəlxalq Tolerantlıq Günü silsilə tədbirlərlə qeyd edilib
18:28 13 Noyabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub. Universitetin Məktəb-Lisey Kompleksində analoji mövzuda “dəyirmi masa” keçirilib. Kompleksin direktoru İlahə Carçıyeva Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin aparıcı məsləhətçisi Vidadi Rzayev, Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli və BSU-nun multikulturalizm kafedrasının dosenti Hacı Rauf çıxışlarında müxtəlif ölkələrin cəmiyyətləri arasında mövcud tolerant münasibətlər, habelə multikultural dəyərlərin inkişafından danışıblar.
Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə BSU-da “Bizim müxtəlifliyimiz bizim gücümüz və zənginliyimizdir” mövzusunda elmi seminar keçirilib. Seminarda BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov gənclər arasında azərbaycançılıq məfkurəsi, milli tolerantlıq, o cümlədən multikulturalizmin təbliğinin vacibliyini qeyd edib. Bildirilib ki, gənclərin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı Bakı Slavyan Universiteti silsilə tədbirlər həyata keçirir, azərbaycanşünaslığın tədrisinə mühüm önəm verir. Milli dəyərlərin gənclərə öyrədilməsinin əhəmiyyətindən söz açan T.Cəfərov tolerantlıq mühitinin inkişafında gənclərin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.
BSU-nun avropaşünaslıq kafedrasının müdiri, dosent Sevda Axundova Beynəlxalq Tolerantlıq Günü barədə dinləyicilərə məlumat verib. O qeyd edib ki, 1995-ci ildə UNESCO tərəfindən “Tolerantlıq Prinsipləri Bəyannaməsi” qəbul olunub və 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi elan edilib. Qeyd edib ki, tolerantlıq müxtəlif dünya mədəniyyətlərinə, mövcud din və irqlərə hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir.
Tərbiyə işləri üzrə prorektor, dosent Aygül Hacıyeva Azərbaycan xalqının tarix boyu mövcud tolerantlıq ənənəsindən danışıb, bu kimi maarifləndirici seminarların gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Seminarda Azərbaycanda tolerantlığın formalaşmasında ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışılıb. BSU tələbələrinin tolerantlıqla bağlı müxtəlif dillərdə hazırladıqları məruzələr dinlənilib, “Tolerantlığa elmi yanaşma: tarix və ontologiya” mövzusunda videoçarx nümayiş olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Tolerantliq_Gunu_silsile_tedbirlerle_qeyd_edilib-901862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR