Tokio, 17 noyabr, AZƏRTAC.
Yaponiya və Avstraliyanın xarici işlər və müdafiə nazirləri noyabrın 20-dən 23-dək Sidneydə “2+2” formatında görüşəcəklər. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Yaponiya tərəfdən Fumio Kişida və Qen Nakatani, Avstraliya tərəfdən isə Culi Bişop və Maris Peyn iştirak edəcəklər. Yaponiya XİN-nin məlumatında qeyd edilir ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bu görüşlər Yaponiya və Avstraliya əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.
Bununla yanaşı, Kyodo agentliyi bildirir ki, “2+2” formatında keçiriləcək görüşdə mövzulardan biri də sualtı qayıqların birgə istehsalı məsələsi olacaq. Belə ki, cari ilin mayında Kanberra tərəfdən elan edilmiş tenderə Tokio da qatılıb.
Xatırladaq ki, hazırda Avstraliyanın Baş naziri Malkolm Ternbullun gələn ay Tokioya rəsmi səfəri ilə bağlı hazırlıq işləri davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio