Məlumata görə, əlilliyi olan şəxslərin 330 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib. Sağlamlıq imkanları məhdud gənclər burada dərzi, toxucu, xalçaçı, kompüter istifadəçisi, kompüter dizayneri, bərbər və s. peşələr üzrə təlim kursu keçməklə yanaşı, təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.
Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Peşə kurslarını bitirən əlilliyi olan şəxslərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.
Ümumilikdə, bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 500 nəfərərə yaxın vətəndaşı peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.