Uşaqlar bizim gələcəyimizdir. Bu, çox dəqiq və yerində deyilmiş bir ifadədir. Eyni zamanda ana dilimizi də qorumalı və onu gələcək nəsillərə təhrifsiz ötürməliyik. Uşaqlar və ana dili - bir millətin sabahıdır, var olma səbəbidir. Bir millət nə uşaqsız gələcəyə çıxa bilər, nə də dilsiz. Şah İsmayıldən bu yana, əzmlə, vüqarla yaşayan dilimiz, indi özünün həyati təhlükəsi ilə baş-başa qalıb. Səbəbi odur ki, uşaqlar Azərbaycan dilində deyil, türk dilində danışır. Bu fakt ilə tanış olmaq üçün, hər kəs ətrafındakı 2-5 yaşlı uşaqlara nəzər salabilər. Bu zaman görəcək ki, bu yaş kateqoriyalı uşaqlar əsasən türk dilində və ya türk ləhcəsi ilə danışır. Əhalinin az bir hissəsi də valideynlər rusdilli olduğu üçün, uşaqlar rus dilini ana dili kimi mənimsəyir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər iki hal neqativ haldır. Çünki, insan öz ana dilində dil açmalıdır. Azərbaycanda hazırda türk dilində dil açan uşaqlar, rus dilində dil açanlardan daha çoxdur. Səbəbi isə aydındır: peyk antennaları ilə yayımlanan kanallardakı cızgı filmləri. Sual yarana bilər ki, nə fərqi? İki dövlət, bir millət və s. Bəli, oxşarlıqlar var, amma fərqlər də kifayət qədərdir. Misal üçün, biz qatığa - qatıq deyirik, onlar - yoğurt deyirlər, Biz qarışqa deyirik, onlar karınca deyirlər. Biz doqquz deyirik, onlar dokuz deyirlər. Biz asqırmaq deyirik, onlar hapşırmaq deyirlər və sairə və ilaxır...
Və bu danışıq hazırda, 2-5 yaşlı azərbaycanlı uşaqlar arasında genış yayılıb. Misal üçün, siz, saymağı bacaran kiçik yaşlı uşağın saymağına fikir versəniz, görəcəksiniz ki, -altı, yedi, sekiz, dokuz... deyir. Bəzi belə uşaqlar isə bir az da qabağa gedərək, tam türk dilində və türk ləhcəsi ilə danışırlar. Səbəb isə çox aydındır: ilk növbədə, ana dilimizdə cizgi filmlərini cox az olmazı, onların da müasir standartlara cavab verməməsidir. Belə bir problem, adidiyyəti qurumlar tərəfindən yüksək səviyyədə işıqlandırılmalıdır. Sosial şəbəkələrdə müzakirə olunmalı, hətta Milli Məclis səviyyəsinəcən qalxmalıdır.
Bu problemin həlli ancaq konkret tədbirlərlə mümkündür. Bu yaşda olan uşaqlar üçün, cin, ifritə kimi personajlardan uzaq olan, nikbin ruhda, uşağın təxəyyül aləmini inkişaf etdirəcək nağıl kitabları nəşr edilməli, qorxulu olmayan, nəfis cizgi filmləri, hətta kino filmləri çəkilməlidir. Bəzən milli telekanalların tərcümə etdiyi xarici cizgi filmlər milli-mənəvi dəyərlərimizə uyğun olmur və bu da uşaqların tərbiyəsində özünü göstərir.
Bu müstəvidə əsas rol valideyinlərin üzərinə düşür. Əsasən də anaların. Çünki, atalar evə gec, adətən uşaqlar yatandan sonra gəlirlər. Analar çalışmalıdır ki, uşaqları saatlarla televizorun önündə əyləşdirib, ev işlərinə və s. qurban verməsinlər. Adətən analar boş vaxtlarında da sosial şəbəkələrdə, vatsapda və s. vaxt keçirir, təbii ki, susqun halda, danışmayaraq. Belə olan tərzdə, uşaq öz ana dilini necə və kimdən öyrənəcək məsələsi sual altına düşür.
Milli.Az