Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə "Bank VTB (Azərbaycan)" ipoteka kreditlərinin verilməsinə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu ilin noyabrından "Bank VTB (Azərbaycan)" dövlət ipoteka fondunun müvəkkil banklar siyahısına daxil olub. AİF tərəfindən 2015-ci ilin sonunadək "Bank VTB (Azərbaycan)" üçün limit müəyyənləşdirilib.
"Dövlət ipoteka proqramı orta gəliri olan bir çox ailəyə yaşayış şəraitini yaxşılaşdırmağa imkan verir. Bankımız AİF standartlarına uyğun ipoteka krediti xidməti göstərə biləcək. Biz, həmçinin AİF "Elektron ipoteka" sisteminə də qoşulmuşuq. Bu da vətəndaşların ipoteka almaq üçün banka müraciət prosedurlarını asanlaşdırır", – deyə, "Bank VTB (Azərbaycan)"ın idarə heyətinin üzvü Tural Vəliyev bildirib.
Qeyd edək ki, AİF standartları üzrə ipoteka krediti Azərbaycan vətəndaşlarına 3-25 il müddətinə verilir. Kreditin məbləği 50 min manatdan çox ola bilməz. Kredit üzrə faiz dərəcəsi 8 faiz, ilkin ödəniş isə 20 faiz təşkil edir.