Bakı, 25 noyabr, AZƏRTAC
Bu ilin əvvəlindən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə NIKOIL | Bank tərəfindən 3 milyon 888 min 071 AZN məbləğində 96 güzəştli kredit, 11 milyon 815 min 326 AZN məbləğində isə 322 standart kredit verilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə indiyədək AİF-in xətti ilə NIKOIL | Bank vasitəsilə ümumi həcmi 40 milyon AZN-dən çox məbləğdə 1100 ipoteka krediti ayrılıb.
Cari ilin əvvəlində banka AİF tərəfindən əlavə olaraq 6,5 milyon AZN məbləğində limit ayrılıb. Bank bu kredit limiti sayəsində ipoteka kreditləşməsi ilə mənzil almaq istəyən əhalidən gələn müraciətləri aktiv qəbul edir.
Dövlət ipoteka kreditləşməsinin şərtlərinə əsasən, kreditlər 50 min AZN dəyərində, 3 ildən 25-30 ilədək müddətə, illik 4-8 faizə qədər faiz dərəcəsi ilə verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70-80 faizini keçməməlidir. Bu, o deməkdir ki, kredit üzrə ilkin ödəniş 20-30 faizdən az olmamalıdır.