Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində musiqisevərlərə Azərbaycan və İtaliya mədəniyyəti arasında musiqili dialoq təqdim olunacaq.
Muğam Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan musiqisini “Muğam trio” qrupu, İtaliyanı isə "TA.MA. Trio" folklor musiqi qrupu təmsil edəcək.
“Muğam trio” da xanəndələr Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, tarzən Malik Mansurov və kamança ifaçısı Elşən Mansurov çıxış edəcəklər. "TA.MA. Trio" folklor musiqi qrupunda isə vokalist və qaval ifaçıları Nando Citarella, Mauro Palmas, Gabriella Aiello təmsil olunacaqlar.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertin musiqi konsepsiyası Azərbaycan-İtaliya assosiasiyasının mədəniyyət üzrə əlaqələndiricisi, bəstəkar Stefani Muscaritolo və Kəmalə Əlizadəyə, bədii quruluşu isə Stefano Muscaritolo və Catia Castagnaya aiddir.