Bakı, 27 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə, İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası Gənclik Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirləri çərçivəsində “Qlobal problemlərin həllində gəncliyin kreativliyi” mövzusunda keçirilən “Gənclik-İstanbul” adlı beynəlxalq film müsabiqəsi başa çatır.
İKGF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçiriləcəyi ilə bağlı elan 3 ay əvvəldən bütün beynəlxalq media kanalları ilə yayımlanıb və ölkəsindən, dinindən asılı olmayaraq gənclərdən ibarət bütün yaradıcı qruplar öz filmlərini müsabiqəyə göndərməyə dəvət olunub. Müsabiqədə iştirak edəcək filmlər “qaçqınlar”, “zorakılıq və terrorizm”, “gəncliyin iştirakı”, “qloballaşma və etnik çağırışlar” və s. mövzuları əhatə edib.
Keçən müddət ərzində Kambocadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin kimi ölkələr daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilib. İKGF və “Boğaziçi” beynəlxalq film dərnəyinin nümayəndələrindən ibarət münsiflər heyəti bu çoxsaylı filmlər içindən ən orijinal 4 filmi qalib olaraq seçib.
“Gənclik İstanbul” film müsabiqəsində qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətinin təntənəli mükafatlandırılması mərasimi keçiriləcək. Mükafatlandırma və təqdimat mərasimi İstanbulun “Camal Rəşid Rəy” konsert salonunda, “Boğaziçi” beynəlxalq film festivalının bağlanış mərasimi ilə eyni zamanda keçiriləcək. Finalçılar siyahısına düşmüş 10 müxtəlif ölkədən olan 12 film eyni zamanda “Boğaziçi” film festivalı çərçivəsində İstanbulda nümayiş etdirilib.
Mükafat alan filmlər İKGF-nin “youtube” və “facebook” kanallarında da yayımlanacaq.