Bərdədə müasir ailə-fermer təsərrüfatlarına 189 baş cins heyvan verilib

Bərdədə müasir ailə-fermer təsərrüfatlarına 189 baş cins heyvan verilib
14:23 3 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 3 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cari ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Ağcabədi, Bərdə və İmişli rayonlarında ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 27, İmişli rayonunda isə 17 ailə-kəndli təsərrüfatını əhatə edir. Layihəyə əsasən bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Avstriyadan gətirilmiş 189 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar Bərdə rayonunun Kolayır kəndində yaradılmış 27 ailə-fermer təsərrüfatına verilib. Bu münasibətlə dekabrın 3-də keçirilən mərasimdə Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrolizinq” ASC-nin, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri və fermerlər iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan, respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
“Aqrolizinq” ASC idarə heyətinin sədri Elşən Məmmədov fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika ilə təmin olunmaları barədə məlumat verib. Bildirib ki, gediş-gəlişin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması məqsədilə cins heyvanlar ailə-fermer təsərrüfatlarına kəndlərdə verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müdir müavini Orxan Mikayıl vurğulayıb ki, müasir ailə-fermer təsərrüfatlarının yaradılması layihəsinin məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçikhəcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılmasıdır.
Layihə çərçivəsində heyvanların saxlanılması üçün təsərrüfatlarda müasir tipli tövlələr tikilib, yem bazasının formalaşdırılması təmin olunub. Ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib, qarğıdalıdan silos hazırlanması məqsədilə tədbirlər həyata keçirilib. Ailə-fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silosu hazırlanması vərdişlərinə yiyələnib. Fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin ediliblər.
Cins heyvanlar hər ailəyə 5-10 baş olmaqla, lizinq yolu ilə, güzəştli şərtlərlə verilib. Əldə edilən südün marketinqini təşkil etmək üçün süd qəbulu məntəqələri yaradılıb. Məntəqədə toplanmış süd emal müəssisələrinə satılacaq.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdede_muasir_aile_fermer_teserrufatlarina_189_bas_cins_heyvan_verilib-907852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR