"Türk axını" əvəzinə Azərbaycan alternativi

"Türk axını" əvəzinə Azərbaycan alternativi
16:05 3 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın təbii qazını Avropa Birliyi bazarlarına çıxaracaq marşrutlardan sayılan "Türk axını" layihəsi ilə bağlı işlər dayandırılıb.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
"Bu layihə ilə bağlı bütün işlər, bütün danışıqlar dayandırılıb", - Novak söyləyib.
Dekabrın 1-də Rusiya hökuməti Türkiyə ilə ticari-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin dayandırılmasına qərar verib.


Rusiya tərəfdən bu komissiyaya A.Novak rəhbərlik edirdi.
"Türk axını" ilə bağlı anlaşma Rusiya-Türkiyə hökumətlərarası komissiyanın çərçivəsində hazırlanırdı. Anlaşmanın dekabr-yanvar ayında imzalanması gözlənilirdi. 
Rusiya Türkiyə anlaşmanı "Türk axını" qaz boru kəmərinin iki marşrutu ilə bağlı, eyni vaxtda imzalanmasını istəyir, Türkiyə isə marşrutların hər biri ilə bağlı ayrı müqavilənin daha məntiqi olduğunu vurğulayırdı.

"Türk axını" qaz boru kəmərinin inşası ilə bağlı razılaşma 2014-cü ilin dekabrında əldə olunub. İlkin olaraq boru kəmərinin 4 marşrutu ilə ildə 63 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulmuşdu. Həmin həcmin 16 milyardının Türkiyədə qalacağı, 47 milyard kubmetrin isə Türkiyə-Yunanıstan sərhədindəki paylaşdırma məntəqəsinə, haba yönəldilməsi planlaşdırılmışdı.
Ötən ay "Qazprom"un rəhbəri Aleksey Miller demişdi ki, Rusiya "Türk axını"nın iki marşrutunun inşası ilə kifayətlənəcək: "Avropa Birliyinin təbii qaza artan tələbatının öhdəsindən "Şimal axını 2" də gələ bilər".

Elə həmin vaxt deyilmişdi ki, "Türk axını" ilə bağlı hökumətlərarası anlaşmanın imzalanması Türkiyədəki qeyri-müəyyən siyasi situasiyaya görə təxirə salınır.
Həqiqətən də, o vaxt Ankarada hökumətin tərkibi təsdiqlənməmişdi.

Rusiya əvəzinə Azərbaycan və Türkmənistan

"Ölkənin təbii qaz təminatını normada saxlamaq, Rusiyanın "mavi yanacaq"la bağlı bizə sanksiyalar tətbiq edəcəyi halda yarana biləcək problemlərin sayını minimuma endirmək üçün Azərbaycanla Türkmənistandan təbii qaz alışı ilə bağlı anlaşmalar imzalaya bilərik. Rusiya verməz, Azərbaycandan alarıq".

Türkiyənin baş nazirinin yardımçısı, hökumət sözçüsü Numan Kurtulmuş TGRT telekanalındakı "Neler Oluyor" proqramında belə deyib.

O bildirib: "Təbii qaz təminatında böhranlı situasiyanın yaranmaması üçün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə olarkən bu ölkədən maye qaz idxalını nəzərdə tutan müqavilə imzalayıb. Azərbaycan və Türkmənistandan da təbii qaz, neft idxalı ilə bağlı bir sıra müqavilələr bağlaya bilərik. Türkiyə təbii qaz və neft baxımından ixracdan asılı ölkədir. İnşallah, təbii qazla bağlı böhran yaranmayacağına ümid edirəm. Amma böhran olarsa, problemlərin həlli üçün zəruri tədbirlər planını indidən hazırlamışıq".

Türkiyənin coğrafi mövqeyinin önəmindən danışan N.Kurtulmuş daha sonra söyləyib: "Bu böhranları bir tərəfə qoyun və bir anlıq düşünün: Dünyanın harasından olursa-olsun, kim təbii qazını Avropaya nəql etmək istəyirsə, Türkiyə ərazisindən yararlanmaq məcburiyyətindədir. Türkiyə enerji terminalı yox, bir enerji paylama mərkəzinə çevrilmə potensialına malikdir. Ən çətin şərtlər yaransa da, heç bir ölkə Türkiyənin imkanlarını qulaqardına vura bilməz. Bizimlə əməkdaşlıq etmək istəməsələr, özləri zərər çəkəcəklər. Xam neft və ya təbii qazını Avropa Birliyi bazarına çıxarmaq istəyən ölkələr maliyyə məsələlərini, gəlirləri düşünməlidir".

TAP, ya TANAP

"Türk axını" dayanarsa, Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq TAP və TANAP layihələrinin önəmi daha da artacaq.
TAP (Trans Adriatic Pipeline) layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci istismar mərhələsində "mavi yanacağın" Avropa Birliyi ölkələrinə nəqlini nəzərdə tutur.
Ümumi uzunluğu təqribən 870 km təşkil edəcək və Türkiyə-Yunanıstan sərhədində, Kipa şəhərinin yaxınlığında TANAP marşrutu ilə birləşəcək TAP kəməri Yunanıstan, Albaniya, Adriatik dənizindən keçərək İtaliyanın cənubunadək uzanacaq. 
TAP boru kəmərinin inşasına 2016-cı ildə başlanması nəzərdə tutulub.

İlkin mərhələdə TAP-ın nəql gücü ildə 10 milyard kubmetr olacaq, sonra bu həcm 20 milyard kubmetrədək artırılacaq.
"Şahdəniz-2" layihəsi çərçivəsində TAP ilə Avropa Birliyinə təbii qazın nəqli 2020-ci ildə başlanmalıdır.
TAP-da BP 20 faiz, SOCAR - 20 faiz, "Statoil" - 20 faiz, "Fluxys" - 19 faiz, "Enagaz" - 16 faiz, "Axpo" 5 faizlik paya malikdir.
Türkiyə rəhbərliyi Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində işləri sürətləndirmək niyyətini bəyan edib. Amma avqustun 4-ü və 24-də Qars vilayətində Cənub-Qafqaz boru xəttində (Azərbaycanın "Şahdəniz" yatağından Türkiyənin Ərzurum şəhərinə gedən xətt) baş vermiş 2 partlayış göstərir ki, ölkənin şimal bölgələrində təhlükəsizlik məsələləri birdəfəlik həllini tapmalıdır. 
Məlum olduğu kimi, TANAP Türkiyə qarşısında yalnız ucuz Azərbaycan qazı almaq yox, həm də perspektivdə qaz habına çevrilmək imkanı da açır. Axı "2-ci Mərhələ" çərçivəsində "Şahdəniz" yatağından ildə nəql olunacaq 16 mlrd. kubmetr qazın 6 mlrd. kubmetrini Türkiyə özü alacaq, yerdə qalanı isə Avropaya gedəcək. Üstəlik, perspektivdə TANAP Türkmənistan, İran və İraq qazının da Avropaya nəqlinə imkan verəcək. 

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/387329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR