Yaponiya hökuməti Antiterror Mərkəzinin yaradıldığını elan edib

Yaponiya hökuməti Antiterror Mərkəzinin yaradıldığını elan edib
10:48 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 4 dekabr, AZƏRTAC
Yaponiya hökuməti antiterror tədbirlərinin həyata keçirilməsi üzrə qərargahın iclasında Xarici İşlər Nazirliyi yanında beynəlxalq terrorizmlə bağlı informasiyaların toplanması ilə məşğul olacaq mərkəzin yaradılması planını təsdiq edib.
Müvafiq mərkəzin dekabrın 8-də yaradılması barədə rəsmi qərar Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın rəhbərlik etdiyi beynəlxalq mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmə qarşı mübarizə qərargahının iclasında qəbul edilib. Yeni struktur Baş nazirin dəftərxanasının beynəlxalq terrorizm barədə informasiyaların toplanması şöbəsi ilə birbaşa əlaqədə çalışacaq.
İclasda çıxış edən Nazirlər Kabinetinin baş katibi Y.Suqa deyib: “İndiki şəraitdə terrorizmlə mübarizə həddindən artıq gərginləşib. Terror aktlarının qarşısının alınması üçün biz beynəlxalq ictimaiyyətlə sıx əlaqədə bütün gücümüzü sərf edəcəyik”. Baş katib vurğulayıb ki, bununla əlaqədar göstəriş şəxsən Baş nazir Şinzo Abe tərəfindən verilib.
Mərkəzdə Xarici İşlər, Müdafiə nazirliklərinin və polisin 40-a yaxın mütəxəssisi çalışacaq. Onun dörd şöbəsi olacaq: Yaxın Şərq, Şimali Afrika, Cənub-Şərqi Asiya və Cənubi Asiya. İnformasiyaların toplanması üçün İordaniya, Misir, İndoneziya və Hindistanda mərkəzin şöbələri fəaliyyət göstərəcək.
Bu mərkəzin yaradılması barədə qərar cari ilin əvvəlində iki yapon vətəndaşı İŞİD yaraqlıları tərəfindən qətlə yetirildikdən sonra qəbul edilmişdi. Qurumun gələn ilin yazında yaradılması planlaşdırılsa da, Parisdə baş verən terror aktlarından sonra onun təsis olunması prosesi sürətləndirilib.
 
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiya_hokumeti_Antiterror_Merkezinin_yaradildigini_elan_edib-908135

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR