Bəzi avtobuslar xətlərdən kənarlaşdırılıb

Bəzi avtobuslar xətlərdən kənarlaşdırılıb
14:27 7 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Qanunvericiliyə edilən müvafiq dəyişikliklərin qüvvəyə minməsindən və cəzaların sərtləşməsindən sonra dekabrın 1-dən etibarən sərnişindaşıma sahəsinə nəzarət daha da gücləndirilib. Qaydalara uyğun olaraq texniki müayinədən keçməyən, texniki baxımdan saz olmayan, natəmiz avtobuslar xətlərə buraxılmır. Artıq bir neçə avtobus xətlərdən uzaqlaşdırılıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Onun sözlərinə görə, həmin avtobuslar hər bir avadanlıq qaydasında olmaq şərtilə yenidən texniki baxışa göndərilir, onların sürücülərinə və sahibkarlara avtobusların yenidən xəttə buraxılması üçün təlimatlar verilir: "Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin əməkdaşları ərazilərdə daim avtobuslara baxış keçirir. Hansı avtobuslar standartlara cavab vermirsə, onlar xəttə buraxılmır. Bununla bağlı artıq ciddi nəzarət var. Çünki qanunvericiliyə edilən dəyişikliklərdən sonra qaydaların pozulmasına görə cərimələr xeyli artırılıb. Bildiyimə görə, bizimlə yanaşı, dekabrın 1-dən etibarən artıq yol polisi də müvafiq reydlər keçirir".

Xatırladaq ki, dekabrın 1-dən etibarən ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı edilən müvafiq dəyişikliklər qüvvəyə minib. Həmin tarixdən etibarən sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək miqdarda, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800  manatadək miqdarda cərimə edilir.

Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər, yəni avtobusun rəsmi sürücüsü 200 manat miqdarında, vəzifəli şəxslər, yəni fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri 500 manat miqdarında, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə olunur.

Dəyişikliklərə əsasən, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və sərxoş olan şəxsə verilməsindən sonra belə qəza baş verərsə, avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə ediləcək, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaq, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə ediləcəklər.

Cinayət Məcəlləsinə yeni daxil edilən 265-1-ci maddəyə əsasən isə, avtobusu idarə etmək hüququ olmayan şəxsin avtobusu idarə etməyə buraxılması, yaxud avtobus sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, buna yol vermiş fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunacaq. Məsuliyyətin dərəcəsi isə nəticədən asılı olaraq 3000-6000 manatadək miqdarda cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədərdir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR