Olanlardan niyə istifadə etmirik? - İnkişafa aparacaq yollar - FOTO

Olanlardan niyə istifadə etmirik? - İnkişafa aparacaq yollar - FOTO
10:18 9 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Siz, əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız.

                                                                                                                                          Heydər Əliyev

Böyük türk alimi Xudu Məmmədov "Həyat bioloji və emosional şərait" adlı məqaləsində belə deyir: "Məlum olduğu kimi, insanın xarici aləmlə əlaqəsi iki əsas vasitə ilə - ağıl və hisslə ifadə olunur. Xarici aləmlə əlaqə yalnız ağıla əsalanmış olsaydı, insan dünyaya mükəmməl ağılla gəlməli idi. Bunun isə mümkün ola bilməməsini sübut etməyə gərək yoxdur".

Bəli, gerçəkdən də, heç birimiz bu qarma-qarışıq dünyaya mükəmməl ağılla gəlməmişik. İnsanın həyatda əldə etdiyi bütün uğur və uğursuzluqları elm və hissin insana təsirinin bir-biri üzərində bu və ya digər formada üstünlüyü sayəsində baş vermişdir. Yəni hissə qapılıb ətrafdan təcrid olunaraq yaşayan fərd, kütlə, cəmiyyət avtomatik olaraq elmin qapılarını da qapamış olur və bununla da inkişafdan cəhalətə sapan meyllər güclənir. Cəhalət isə cəmiyyətin çiynindən asılmış yüklü xurcuna bənzəyir. Cəmiyyəti, milləti bu cəhalətdən xilas edən isə xalqın maarifçi, ziyalı, elmli, bilikli şəxsiyyətləri olur.

Öz ziyalıları, maarifçiləri, alimləri ilə cəhalətə, xurafata qarşı daim mübarizə aparmış əyalətlərmizdən biri də daim dövlətə və dövlətçiliyə sədaqətliliyi ilə seçilmiş Qazax bölgəsidir. Lakin bu gün Qazaxın potensialından bir çox obyektiv və subyektiv səbəblərdən lazımi səviyyədə istifadə edilmir. Burada, əsasən, bölgənin mümkün imkanları haqqında məlumatsızlıq faktoru önəm daşıyır.

Bu məqalədə, əsasən, Qərbin qapısı, Avropaya ən yaxın bölgə olan müasir Qazaxın elm-təhsil ənənələri, idman tarixi, turistik, kənd təssərrüfatı və sənaye imkanlarının genişliyindən və bölgə əhalisinin üzləşdiyi həlli mümkün olan bir çox problemlərin mövcudluğundan bəhs edilir.

Qısa arayış:

Qazax vətənimiz Azərbaycanın şimal-şərq hissəsində - Gürcüstan və Ermənistan sərhədində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 170 km məsafədə həmsərhəddir. Faktiki olaraq ərazisi 692 kvadrat kilometrdir. Əhalisi 2014-cü ilin statistik məlumatına görə 93761 nəfər təşkil edir. Mülayim qış və isti yay iqlim tipinə malik Qazax ərazisində orta aylıq temperatur qış fəsli üzrə 0-5 dərəcə, yay fəsli üzrə isə 18-25 dərəcə Selsi, illik yağıntı miqdarı isə 350-700 mm təşkil edir. Səthi, əsəsən, düzənlik olsa da, cənub hissəsi alçaq dağlarla əhatələnmişdir.

Qazaxın tarixi çox qədimlərə gedib çıxır. Yazılı mənbələr baxımından ilk dəfə Qazax adına ərəb tarixçisi əl-Kufinin VII əsr hadisələrinə aid yazılmış tarixi dövrdə "Kasak" adı ilə rast gəlinir. Həmçinin digər mənbələrdə ərazidə tarixən qıpçaq mənşəli "qazax" türklərinin yaşaması və sonralar yenidən bu ərazilərə çoxlu sayda qıpçaq türklərinin köçməsi haqqında da geniş məlumatlar vardır. Görünür, yerli tayfalarla dil və ənənə baxımından heç bir problem yaşamayan həmin türkdilli qıpçaqların əksəriyyətini qazaxlar təşkil etmişdir. Qədim türk yurdları Göyçə, Qaraqoyunlu dərəsi, Şəmsədil, Tovuz, Qazax, Borçalı ərazilərində geniş yayılmış qazax etnik birliyinə aid etnotoponimlərin mövcudluğu da bunu sübut edir. Vaxtilə oymaq, XV əsrin sonlarında isə Qazax sultanlığı formasında mövcud olmuş Qazax 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax, Ağstafa, Tovuz rayonlarının hazırkı əraziləri və qədim türk torpaqları olan, lakin sovet dönəmində Ermənistana verilmiş Dilican dərəsi və Göyçə gölünə qədər uzanan ərazilər Qazax qəzasının sərhədləri daxilində olmuşdur. Qəza mərkəzi olan Qazax 1909-cu ildən şəhər statusu almışdır. Azərbaycan sovetlər birliyinə qatıldıqdan sonra, yeni siyasi-inzibati bölgüyə əsasən 1929-cu ildə Qazax qəzası ləğv olunmuş və 1930-cu il avqustun 8-də bölünüb, parçalanmış bir ərazidə Qazax rayonu yaradılmışdır. 1959-cu il dekabrın 4-də Ağstafa rayonu da Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin böyük hissəsi, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. Bundan başqa, məlum Qarabağ müharibəsi başlamamışdan öncə, 1990-cı ildə erməni quldurlar rus ordusu əsgərlərinin köməyilə yerli əhalinin müqavimətini qıraraq, Qazaxın qədim tarixə malik Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara kəndlərini işğal edib, kənd sakinlərini vəhşiliklə öldürüb, kəndləri talayıb od vuraraq viran qoymuşlar. Tarixə "Bağanıs-Ayrım" faciəsi kimi daxil olan soyqrım hadisəsi 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecədə baş vermişdir.

Bu qısa tarixi, coğrafi arayışdan sonra Qazax rayonunun sosial-iqtisadi və mədəni potensialına və mövcud problemlərinə birgə diqqət yetirək. Qazax haqqında az-çox məlumatı olan şəxs yəqin düşünər ki, bu rayonda hər şey yüksək səviyyədədir. Əslində, düz fikirləşirlər, çünki Qazax kimi təbii-coğrafi, sosial, sənaye imkanları geniş olan bir rayonun iqtisadi imkanları da yüksək olmalıdır. Lakin çox təəssüf ki, Qazax ərazisinin 170 km hissəsinin Ermənistanla sərhəd olması bu sahədə bir çox problemlər yaradır. SSRİ-nin son illərində Qazax inkişaf baxımından bölgənin və ölkənin lider rayonlarından biri idi. Yəni hər sahənin inkişafı yüksək həddə olub desəm, yanılmaram. Rayonun baş planı hazırlanmış, baş plana uyğun nəqliyyat infrastrukturu işlənib hazırlanmışdır. Hətta son illərə kimi bəzi küçələrdə tralleybus nəqliyyatı üçün çəkilmiş elektrik dirəkləri və naqilləri qalmışdı.

Qədim tarixi, iqtisadi potensialı, elmi ənənəsi olan Qazaxın daha güclü formada inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur. Buna görə də dünyada iqtisadi rəqabət qabiliyyətliliyinə görə lider dövlət olan Azərbaycan Respublikasının iqtisadi və sosial imkanları daxilində Qazax rayonunun iqtisadi-sosial və mədəni inkişaf konsepsiyası hazırlanmalı və aidiyyəti qurumlara təqdim olunmalıdır. Hazırlanması vacib olan konsepsiyada aşağıdakı problemlər öz həllini tapmalıdır:

1. Turizm imkanlarının inkişaf etdirilməsi

Qazax rayonunun 34 kəndinin hər birinin özünəməxsus əlverişli təbii və coğrafi üstünlükləri vardır. Bu ərazilər turist qəbulu və tarixi abidələr baxımından çox zəngin və əlverişli bir məkandır. Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə (54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi, 5-i dekorativ-tətbiqi incəsənt abidəsi) vardır ki, onlardan Paleolit dövrünə aid Damcılı mağara düşərgəsi dünyanın ən qədim insan məskənlərindən hesab olunur. Bundan başqa dünya əhəmiyyətli V əsr Qafqaz Albaniyasının əsas məbədlərindən biri olan Alban məbədi (Avey monastırı) rayonun Aveydağ silsiləsinin ən yüksək zirvəsində inşa edilmişdir. XII yüzillikdə inşa edilmiş "Qırmızı körpü" (Sınıq körpü") bölgədə ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpüdür.

Həmçinin dəniz səviyyəsindən 300-800 metr yüksəklikdə yerləşən Qazax ərazisindən keçən Kür, Ağstafa, İncəsu və Coğaz çaylarının sahilində müasir standartlara cavab verən otellər tikməklə çimərlik və meşə gəzinti formalı istirahət mərkəzləri inşa etmək mümkündür.  Kür çayı boyunca uzanan Qarayazı-tuqay meşəsi bölgənin ekologiyasına böyük təsir göstərdiyindən bölgədə sanatoriya tipli müalicə mərkəzləri də inşa edilə bilər.

Həmçinin rayon ərazisində su təsərrüfatının yaxşılaşdırılması məqsədilə inşa edilmiş Coğazçay, Ağstafaçay və Abbasbəylı su anbarlarının imkanlarından da məqsədli formada istifadə edilə bilər. Yəni dediklərimdən də göründüyü kimi, Qazaxda otelçilik və turistik baxımından bütün imkanlar mövcuddur. Lakin bütün göstərilən üstünlüklərə baxmayaraq, digər rayonlarda sıx-sıx tikilən istirahət mərkəzləri, otellər, idman qurğuları quraşdırılsa da, Qazaxda hələ də bu işlərin kütləvi hal alması ləngiyir. Amma gecikmək olmaz. Tezliklə bu quruculuq işlərinin əhatə dairəsini genişləndirib bu işləri planlı şəkildə Qazaxda da etmək lazımdır. Ən acınacaqlısı odur ki, bütün bu cür imkanların mövcud olduğu halda rayon kasıb rayonlar sırasındadır. Sənaye və kənd təsərrüfatı subyektlərinin dayanması və ya məhv olması rayonda işsizliyi pik həddə çatdırıb. Elə bu bölgənin inkişafının ən yaxşı nəticəsi işsizliyin böyük sürətlə aradan qalxmasında olacaq. İşsizlik bölgədə böyük problemlər yaradıb. Gənclər arasında işsizlik ucbatından savadsızlığa, dini xurafata yuvarlanma, narkomaniyaya, qumar tipli oyunlara meyllənmələrin sayı günbəgün artır. Qloballaşma şəraitində dövlətin gənclərə sahib durması olduqca vacibdir.

Bütün bunlar haqda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında  göstərilir "Turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə dair qanunvericilik və standartlar təkmilləşdiriləcək, bölgələrdə turizm fəaliyyəti stimullaşdırılacaq, informasiya, təbliğat işi gücləndiriləcək, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla turizmin müxtəlif növləri müvafiq turizm marşrutları yaradılmaqla təşviq ediləcəkdir".

2. Sənaye müəssisələrinin və kənd təsərrüfatı infrastrukturlarının bərpa edilməsi

Vaxtilə Qazax rayonunda altı şərab zavodu, süd zavodu, ət kombinatı, çörək zavodu kimi böyük sənaye müəssisələrinin olmasına baxmayaraq, indi bu müəssisələr bərbad hala düşərək istifadəsiz vəziyyətə gətirilmiş və əmlakı yararsız hala düşmüşdür. Hazırda sənayenin dirçəldilməsinə böyük ehtiyac duyulduğu halda, hələ də bu sahə öz sərmayəçilərinin yolunu gözləyir. Xalçaçılıqda böyük ənənəsi olan Qazax Xalça Fabrikinin fəailiyyətinin dayanması ilə Qazax xalçaçılıq məktəbinə də ağır zərbə vuruldu. Şirniyyat, qənnadı sexləri pərakəndə halda fəaliyyət göstərdiyindən rəqabət xarakterli deyildir.

SSRİ-nin süqutuna kimi kənd təsərrüfatı, əsasən, üzümçülükdən ibarət olan rayonda on min hektarlarla ərazidə müxtəlif sort üzüm plantasiyaları salınımışdı. Məlumdur ki, üzüm taxıldan fərqli olaraq, yüksək valyuta ilə gəlir gətirə bilən strateji məhsuldur. Buna görə də rayonun bərəkətli torpaqlarının imkanlarından maksimum yararlanaraq üzümçülüyü, tütünçülüyü, meyvə-tərəvəzçiliyi qısa müddətdə bərpa etmək olar.

Sənaye və kənd təsərrüfatının inkişafı haqqında da "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında açıq-aydın göstərilir: "Qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir". Həmçinin konsepsiyada o da qeyd edilir ki, qeyri-neft sənayesinin inkişafı və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və yeni belə müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir.

3. Atçılıq idman məktəbinin və cins atların yetişdirilməsi mərkəzinin yaradılması

Tarixi mənbələrdə Qazax igidlərindən təşkil edilmiş döyüşçülərin böyük əksəriyyətinin süvarilərdən, yəni atlı bölüklərdən təşkil olunduğu haqqında çoxlu sayda məlumatlar vardır. Birbaşa bölgənin adı ilə bağlı olan, lakin türk dünyasının hər bir yanına yayılmış, ancaq kişilərin oynadığı "Qazağı" rəqsi məhz atlıların yarış zamanı cıdıra çıxdığı və ya süvarilərin cəng edərək döyüşə getdiyi zamanlarda ifa olunurdu.

Dünyada məlum olan 160 at cinsindən biri Qazaxda məşhur olan Dəliboz cinsidir. Bu cinsin tarixi haqqında müxtəlif rəvayət və əfsanələr söylənilsə də tarixinin çox qədim olduğu dəqiqdir. Qazaxda yetişdirilmiş Dəliboz atları idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə üçün əvəzsizdir. Minik üçün möhkəm olması, sürətli qaçışı və dağlıq şəraitində dözümlüyü baxımından da çox səciyyəvidir. Mütəxəssilərin elmi və praktik qənaətlərinə görə dözümlük baxımından Qarabağ atlarını geridə qoyur. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Dəliboz atları saatda 7-8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km, idmançı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.

1940-2000 illərdə Bakı ippodromunda keçirilən qaçışlarda Dilboz atları daim yüksək yerlər tuturdular. 1962-1990 illərdə Dəliboz atları Ümumittifaq yarışlarda 39 dəfə iştirak etmiş və səkkiz dəfə birinci yerə layiq görülmüşdülər.

Atçılığın inkişafının bu bölgə ilə xarakterik olmasına görə 1948-ci ildə Azərbaycan SSR Xalq Maarif Nazirliyi tərəfindən Qazax Atçılıq Texnikumu yaradılmış və 1958-ci ilə kimi atçılıq texnikumu fəaliyyət göstərmişdir. Həmçinin 1987-ci ildən 1993-cü ilə qədər Qazaxda at idman məktəbi fəaliyyət göstərib.

Beləliklə, atçılıq sahəsində elmi-praktik baxımdan böyük təcrübəsi olan bölgədə at idman məktəbinin yaradılmasına, Qazax ippodromunun qurulmasına zərurət vardır. Həmçinin ənənəsi bu gün də yaşayan cins atların yetişdirilməsini təmin etmək üçün Qazax Atçılıq Kollecinin yaradılması da mümkündür. Həm də səfalı təbiəti, əsrarəngiz mənzərələri, əvəzsiz flora və faunası olan Qazaxda at üstündə gəzmək turizminin inkişaf etdirilməsi üçün hər cür şərait vardır.

4. Elm və təhsilin gücləndirilməsi

Ölkəmizdə ilk dünyəvi məktəbin 1875-ci ildə Qazaxda - Qıraq Salahlı kəndində açılmasına baxmayaraq, son illər Qazaxın elmi potensialı, təhsil göstəriciləri bu və ya digər amillərin təsiri nəticəsində çox zəiflətmişdir. Böyük elm-təhsil-maarif ənənəsi olan, Azərbaycanda ilk ali təhsil modelinə malik Qazax Müəllimlər Seminariyasının təcrübəsindən faydalanmış Qazax ziyalıları üçün elmi-tədqiqat, tədris prosesləri olduqca vacibdir. Buna görə də burada Dövlət Universitetinin açılması olduqca zəruridir.

Məlumdur ki, qədim türk torpağı olan qonşu Gürcüstan Respublikasının Borçalı bölgəsinin kəndlərindəki Azərbaycan məktəbləri kadr çatışmazlığı ucbatından bağlanmaq üzrədir. Bəlkə də, bu məktəblərin bağlanmasının indiki durumda fərqində deyilik, amma yaxın onilliklərdə bu biganəliyin gətirdiyi fəsadların acısını yaşayacağıq. Bu fəsadların qarşısını almaq üçün Borçalıya coğrafi cəhətdən bitişik, məsafəcə çox yaxın olan Qazaxda Dövlət Universitetinin açılmasına da zərurət vardır.

Qeyd etdiyim üçüncü və dördüncü bəndlər haqqında "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında bölgələrin inkişafı və mütəxəssislərə tələbatı nəzərə alınaraq, regional çoxprofilli kolleclərin yaradılması istiqamətində tədbirlər görülməsi, təhsilin keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və ali təhsil pillələri üzrə mütəxəssislər hazırlayan təhsil komplekslərinin yaradılmasına başlanılması xüsusi olaraq qeyd edilir.

6. Yeni yolların və Kür çayı üzərindən körpülərin salınması

Qazax rayonu Azərbaycanın ən ucqar bölgəsi olmasına baxmayaraq, bu bölgə iki qonşu dövlətlə həmsərhəd olduğundan, buradakı bütün növ yollar hərbi-strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu səbədən də bu yolların daim işlək vəziyyətdə olunması təmin edilməlidir. Bu haqda sözügedən "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında yeni yolların, körpülərin salınması əhalinin təhlükəsizliyinin təmin edilməsi prinsipi və əsasən, birinci dərəcəli yolların tikilməsi ilə davam etdirilməsi, yük terminallarının tikintisinin sürətləndirilməsi haqqında bəndlər öz əksini tapmışdır. Bu baxımdan bölgənin mərkəzindən axan, ölkənin ən böyük çayı - Kür çayının üzərindən bir neçə yerdən körpülər salınması çox vacibdir. Bu körpülərin salınması ən azından iki əsas səbəbdən daha zəruridir:

a) Yuxarıda qeyd etdiyim kimi Qazax Ermənistanla 170 km məsafədə sərhəddir. Dünyanın qarışıq bir durumda olduğu bir zamanda yenidən murdar qonşularımız hərbi əməliyyatlara başlayarsa, hazırkı Bakı-Tiflis yolu hərbi-strateji baxımdan olduqca əlverişsizdir. Çünki düşmənin əlində olan yüksəkliklərdən bu yolun böyük hissəsi ovuc içi kimi görsəndiyindən istənilən hərbi obyekti çox asanlıqla vura bilərlər. Bunun üçün də bütün hərbi yükdaşımalar Kür çayının Ceyrançöl tərəfindən Qarayazı meşəsinin yaxası ilə daşınmalıdır. Sonra isə Kür çayı üzərindəki körpülərdən keçən köməkçi eşelonlar 2-ci Şıxlı, 1-ci Şıxlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Fərəhli, Məzəm, Quşçu Ayrım, Əskipara sərhəd məntəqələrinə yetişməlidirlər. Burada daha incə məqamlar da vardır ki, bu haqda aidiyyəti dövlət qurumlarının mütəxəssisləri daha dəqiq bilgilərə sahibdirlər.

b) Əgər Kür çayının üstündən bir neçə yerdən körpü olarsa, indiki Ağstafa rayonunun inzibati ərazi vahidində müəyyən dəyişikliklər də aparılardı. Çünki əhalisinin 95%-ni Qazaxın Şıxlı, Salahlı, İncə dərəsi kəndlərindən köçmüş əhali təşkil edən Soyuqbulaq, Köçvəlli, Muğanlı, Sadıxlı, Böyük Kəsik kəndləri inzibati amirlik baxımından Qazaxa daha uyğundur.

Təbii ki, sadalanan bu problemlərin həlli müəyyən vaxt, bəziləri isə uzun illər tələb edir. Əgər həlli mümkün olan problemlərin həlli nə qədər tez olarsa, daim dövlətə, dövlətçiliyə, hakimiyyətə sadiq və sədaqətli olmuş bölgənin gənclərinin potensialından ölkənin inkişafı baxımından layiqincə istifadə etmək olar. Bölgəyə iri və orta tutumlu investisiya yatırımlarının cəlb edilməsi ilə turizmin, idman infrastrukturlarının inkişafına nail olmaq olar. Həmçinin bunun nəticəsində də ölkə prezidenti cənab İlham Əliyevin daim çalışdığı yeni iş yerlərinin açılması məsələsinə də nail olmaq mümkündür.

Daim pozitiv düşüncələrə köklənən qazaxlılar inanırlar ki, ölkənin iqtisadi inkişafı, "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasının tələbləri sayəsində və cənab prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gec-tez bölgənin daha sürətli iqtisadi və sosial inkişafına nail olunacaq.

Yusif Alı Afşar,
fəlsəfə doktoru, dosent

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/388181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR