"Onlar özlərini iyrənc aparırlar"

"Onlar özlərini iyrənc aparırlar"
22:47 9 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Zenit" və Rusiya millisinin hücumçusu Artyom Dzyuba "İlin centlmen"in adını qazanıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu münasibətlə xüsusi smokinq hədiyyə olunan forvard bir sırasualları da cavablandırıb.

- Səni tez-tez smokinqdə görmək olar?
- Xüsusi maraq göstərmirəm. Tərzim başqadır. Bəlkə, nə vaxtsa bu üsluba da keçərəm. Gözəl və kübar görünür.
- "Centlmen" anlayışın necədir?
- Davranışına və sözlərinə nəzarət edə bilən kişi. Getdiyi hər yerdə özünü ləyaqətli aparan insan. Bunları əməlində göstərən şəxs.
- Dünya futbolunda ən əsas centlmen kimdir?
- Yəqin ki, Paolo Maldini. Rus futbolçulardan bu ada daha çox Serqey Semak uyğun gəlir. Semak çox yaxşı və hörmətli insandır.
- Meydanda rəqib müdafiəçilərlə mübarizə aparmalı olursan. Ən çox hansının centlmen hərəkəti yadında qalıb?
- Belə şeylər çox olub. Bir müddət əvvəl Portuqaliya ilə yoldaşlıq oyunumuz oldu. Hər kəsdə aqressiv müdafiəçi təəssüratı yaradan Pepenin şən, gülümsər, pozitiv insan olduğunu gördüm. Özünü nəzakətli aparırdı. Deyirlər ki, Pepe kobud və təxribatçı adamdır. Mən əksini düşünürəm. O, sərt müdafiəçi olsa da, özünə söz dedirtmir. Nümunəvi futbolçular çoxdur. Məsələn, Serqey İqnaşeviç. oyunların birində dirsəklə bilmədən ona zərbə endirmişdim. Oyundan sonra üzr istəmək üçün ona zəng vurdum. "Problem yoxdur. Bilirəm, qəsdən vurmamısan" - dedi. Serqey öz təmkini ilə seçilib. Bu yaşda yüksək səviyyədə çıxış edir. Peşəkar və səmimi insandır. Onun yerində başqası olsaydı, hakimə etiraz edər və oyundan sonra irad bildirərdi. Amma İqnaşeviç bütün bunlar olmadan üzrxahlığımı qəbul etdi.Şübhəsiz, centlmenlik etdi.
- Təsəvvür elə ki, qapıçı ilə təkbətək çıxırsan və bu zaman rəqib futbolçunu zədələyirsən. Nə edərsən?
- Vəziyyətin nə yerdə olduğuna baxaram. İndi simulyasiya edənlər çoxdur. Yoldaşlar var ki, meydana yıxılır və 15 dəqiqəyə qalxır. Qeyri-adi bir şey baş versə, əlbəttə, topu meydandan çıxararam. Amma bir saniyə ərzində sağlamlıq riskini ayırd etmək də olmur. Dəhşətli bir hadisənin baş verməsini görəndə dayanarsan. Əgər bunu simulyasiya kimi qəbul etsən, hücumu qolla tamamlamağa çalışarsan.
- Futbolda kimi simulyasiya və təxribata meyilli hesab edirsən?
- Yəqin ki, "Barselona"dan Dani Alveşi və "Çelsi"dən Diyeqo Koştanı deyərəm. Koşta özü sərt oynayır, əl-qol atır. Rəqib az toxunan kimi özünü yerə atır və qışqırmağa başlayır. Bu, riyakarlıq və iyrənclikdir. Məncə, Koşta hər kəsi əsəbləşdirir. O və Alveş güclü futbolçular olsa da, özlərini çirkin aparırlar.
- Meydanda hansı centlmensayağı hərəkət xatirində daha yaxşı qalıb?
- Futbol emossiya deməkdir. Oyunçunun topu auta vurub-vurmamasını müzakirə etmirəm. Hakimlə danışmamaq. Elə epizodlar olur ki, hakimlə danışmaq lazım gəlir. Amma iradın varsa, heç olmasa soruş, etiraz etmə.
- Məktəbdə necə oxumusan?
- Qiymətlərim pis deyildi. Futbol əksər vaxtımı alırdı. Amma başa düşürdüm ki, təhsillə də maraqlanmaq lazımdır. Ədəbiyyat və tarixi çox sevirdim. Ən sevmədiklərim isə kimya, fizika və riyaziyyat idi.
- İlk maaşını necə xərcləmisən?
- Hamısını valideynlərimə vermişdim.
- Ədəbiyyat və kinoda ən sevimli qəhrəmanın kimdir?
- Dostlarımla "Marvel" (red. supergücə malik qəhrəmanlardan ibarət komikslər) qəhrəmanlarını bölüşdürmüşük. Mən Toram. Üstəlik, "Zenit"də Halkımız da var.Buna görə tanışlarımın arasında zarafatla deyirəm ki, mən Toram. Ədəbi əsərlərdən "Qraf Monte-Kristo"nun qəhrəmanı məndə böyük təəssürat oyatdı. Dəmir səbrlə qisas günün uzun müdət gözləyən insan...Bütün sınaqlardan keçmək və bunu təqdim etmək böyük səbr, iradə tələb edir.
- Meydanda etdiyin hansı hərəkətə görə peşman olmusan?
- "Rostov"da oynayanda Serqey Rıjıkovla olan epizod. Onu keçdim və yıxıldım. Bilmədim, məni yıxdı, yoxsa yox. Matçın 93-cü dəqiqəsi, dinamika, yorğunluq, süni örtüklü meydança əsas səbəblər idi. Hakim qayda pozuntusu barədə soruşanda "bilmirəm, yadımda deyil" -cavab verdim. Vaxtı geri qaytara bilsəydim, deyərdim ki simulyasiyaya görə mənə sarı vərəqə göstərsin. Həqiqətən, özümü yerə yıxmaq fikrində deyildim. sonradan oyunun yazısına baxanda gördüm ki, Rıjıkov mənə toxunmayıb.
- Sən Moskvada doğulmusan. Peterburqla bu şəhərin əsas fərqləri barədə danışa bilərsən?
- Peterburqun üstünlüyü tıxacların az olmasındadır. Əsas yerlər bir-birinə yaxındır. Peterburqda su ilə bağlı görməli yerlər çoxdur. Burda hava şəraiti xoşuma gəlir.
- Komanda yoldaşların zarafatcıl olduğnu deyirlər. Hansı zarafatları etdiyini isə heç kim demir...
- Yumor ekspromtdur, hazırlıqsız meydana gəlir. Uşaqlar sağolsun ki, sirrimi açmırlar. Bu sehrdir. Şən və məhriban komandamız var. Belə atmosferdə zarafat etmək asandır. Yumor kəskin ola da bilir. Amma dərinə getmədən.
- Rusiya millisi Leonid Slutskinin gəlişindən sonra necə dəyişib?
- Slutskinin xidməti ondadır ki, hər futbolçu ilə ayrılıqda söhbət edib fərdi motivasiya verdi. Ruslar emossinal olur. Yaşamaq üçün bizə qığılcım lazımdır. Ürəkdən hərəkət edirik. Bizə inansalar, vəziyyəti izah etsələr, dağı da çevirərik.
- Azarkeşlər Fransada millidən hansı nəticəni gözləsinlər?
- Gözlənti lazım deyil. Fransaya gəlib azarkeşlik etmək lazımdır. Bu turnir bütün Avropa üçün bayramdır. Biz bacardığımızı edəcəyik. Məğlub olmaq istəmirik. Amma proqnoz da mənasızdır. Orta komandalar arasında öndəyik. Avropa çempionatının favoritləri Almaniya, İspaniya və Fransadır. Qalan komandalar təxminən bərabər səviyyəlidir. Minimum məqsədimiz qrupdan çıxmaqdır.
- Rusiyada futbolçuların milliləşdirilməsinə qarşı olduğunu demişdin. "Lokomotiv"in qapıçısı Qilyermenin Rusiya vətəndaşı olması barədə nə deyə bilərsən?
- Buna məntiqli qərar veribsə, onu təbrik edirəm. İndi Qilyerme artıq legioner sayılmır, sakit oynaya bilər. Məşqçi limitlə əlaqədar onu meydana çıxarıb-çıxarmamaq barədə düşünməyəcək. O, yerli qapıçılardan nə güclü, nə də zəifdir. Lakin dərhal millidə bir nömrəli qapıçı olması mümkün deyil. Bizim İqor Akinfeyev başda olmaqla yaxşı qapıçılarımız var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR