İmtahan qaydası açıqlandı: 5 ildə 1 dəfə

İmtahan qaydası açıqlandı: 5 ildə 1 dəfə
09:27 10 Dekabr 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra 1 ildən tez olmayaraq attestasiyadan keçməlidir

Nazirlər Kabineti "Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları"nı təsdiq edib.
 
APA-nın məlumatına görə,  inzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu "Dövlət qulluğu haqqında" qanunda başqa hal nəzərdə tutulmayıbsa, 5  ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
 
Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli tabelik qaydasında yuxarı dövlət orqanı ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1  ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra 1  ildən tez olmayaraq attestasiyadan keçməlidir.
  
Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiyaya tabeçilik qaydasında yuxarı dövlət orqanının nümayəndəsinin cəlb edilməsinə həmin yuxarı dövlət orqanının rəhbərinin razılığı ilə yol verilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər 3 komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanılmasına ən azı 2  həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır. Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.
Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
 
- tutduğu vəzifəyə uyğun gəlir;
 
- işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;
 
-  tutduğu vəzifəyə uyğun gəlmir.
 
Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/389094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR