Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik müayinəsi barədə məlumatın verilməsi üzrə yeni e-xidməti istifadəyə verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik müayinəsi barədə məlumatın verilməsi üzrə yeni e-xidməti istifadəyə verib
12:13 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sırası genişlənir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlik “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini də “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə verib.
Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər. İstifadəçilər “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri üzrə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin müvafiq çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək imkanlarına malikdirlər.
“Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti ölkəmizdə daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə də həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır. Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.
Hazırda TSEK-lər tərəfindən əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Mövcud informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətinin formalaşdırılmasına da şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_ve_Ahalinin_Sosial_Mudafiesi_Nazirliyi_elillik_muayinesi_barede_melumatin_verilmesi_uzre_yeni_e_xidmeti_istifadeye_verib-909932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR