İsveç Krallığının təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında birgə layihə reallaşacaq

İsveç Krallığının təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında birgə layihə reallaşacaq
18:13 10 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad Dövlət Gənc Tamaşaçılar Teatrında olub.
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov qonağa teatrla bağlı məlumat verib. Görüşdə İsveç Krallığının təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında birgə layihənin həyata keçirilməsi haqqında müzakirələr aparılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələrə əsasən həyata keçiriləcək layihədə görkəmli İsveç yazıçısı, uşaqların sevə-sevə oxuduqları “Balaca və damda yaşayan Karlson”, “Uzuncorab Peppi” və digər maraqlı əsərlərin müəllifi Astrid Lindqrenin yaradıcılığı əsas götürüləcək. Belə ki, teatrda adıçəkilən əsərlərdən hər hansı birinin birgə əməkdaşlıq layihəsi çərçivəsində səhnələşdirilməsi nəzərdə tutulub.
Teatrın direktoru M.Həmidov bildirib ki, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” əsəri artıq teatrda beynəlxalq layihə çərçivəsində səhnələşdirildiyinə görə, yazıçının digər əsərləri oxunaraq ümumi qərar qəbul ediləcək. Bundan sonra tamaşanın bədii heyətinin Gənc Tamaşaçılar Teatrından və ya İsveçdən dəvət olunması məsələsinə baxılacaq.
T.Danestad teatrın cari repertuarında artıq iki İsveç müəllifinin (A.Lindqren “Balaca və damda yaşayan Karlson”, L.Nuren “Mən gəldim qızlar” (Müharibə”) əsərlərinin mövcudluğunun olduqca xoş təəssürat yaratdığını bildirərək, bu əməkdaşlığın uğurlu alınacağına inamını ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_Kralliginin_tesebbusu_ile_Genc_Tamasachilar_Teatrinda_birge_layihe_reallasacaq-910084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR