Heydər Əliyevin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib

Heydər Əliyevin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib
11:18 11 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 11 dekabr, AZƏRTAC
Mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağında “Ulu öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilən elmi konfransdakı çıxışında səsləndirib.
Rektor xalqımızı bəlalardan xilas etməyi, inkişafa doğru istiqamətləndirməyi bacaran dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan bəhs edib. Vurğulanıb ki, Ulu Öndər hər zaman xalq ilə birgə olub, onunla nəfəs alıb, həyatının mənasını xalqına xidmətdə görüb. Xalq da həmişə Heydər Əliyevi sevib, onunla fəxr edib, onun siyasətini dəstəkləyib və etibarlı dayağına çevrilib.
NDU-nun tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid “Heydər Əliyevin siyasi irsində Azərbaycançılıq ideologiyası” mövzusunda məruzə edərək, 1969-cu ildən 2003-cü ilədək Azərbaycan siyasi mühitinə Heydər Əliyev epoxası kimi daxil olan böyük bir tarixi dövrü şərh edib. Bu illəri dahi rəhbərin Azərbaycançılıq təliminin möhtəşəm təntənəsi kimi dəyərləndirib. Məhz həmin illərdə dahi rəhbərimiz tərəfindən Azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlanıb və cəmiyyət həyatının bütün sahələrində öz ifadəsini tapıb.
Vurğulanıb ki, bu gün gələcəyə inamla irəliləyən Azərbaycan dahi liderin ideyalarının davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf mərhələsini yaşayır.
Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti, universitetin mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri” mövzusundakı məruzəsində qeyd edib ki, ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər verib, sadalanan prinsiplər dahi öndərin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edib.
Qeyd olunub ki, Heydər Əliyevin ədəbiyyat təlimi, sözün həqiqi mənasında, əsl professionallığa əsaslanır. Görkəmli dövlət xadiminin ayrı-ayrı sənətkarlıq nümunələri, konkret bədii əsərlər, teatr tamaşaları haqqındakı mülahizələri ədəbiyyatşünaslıq və sənətşünaslıq elmlərinin ən yüksək tələbləri və prinsiplərindən ucada dayanır. Natiq məruzəsinin sonunda özünün dahi rəhbərə həsr etdiyi “Əbədiyyət nəğməsi” adlı mənsur şerini səsləndirib.
Daha sonra NDU-nun jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva “Naxçıvanda teleradionun inkişafında Heydər Əliyevin rolu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova “Heydər Əliyev və dünya ədəbiyyatı” mövzularında məruzə ilə çıxış ediblər.
Elmi konfransda milli dövlətçiliyimizin memarı və qurucusu olan xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyevin_zengin_siyasi_fealiyyeti_esl_dovlet_idarechiliyi_mektebine_chevrilib-910266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR