Samirə Mustafayeva: "Kişi çoxlu pul qazananda əvvəlki insan olmur" - FOTOSESSİYA

Samirə Mustafayeva: "Kişi çoxlu pul qazananda əvvəlki insan olmur" - FOTOSESSİYA
18:57 14 Dekabr 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

O, qlamur xanım, təkrarolunmaz aparıcı olmaqla yanaşı, həm ziyalı ailənin gəlini, həm də gözəl anadır.

Publika.az-ın "Te Amo" layihəsinin bu həftəki sayında ATV kanalının "Son xəbər" verilişinin aparıcısı Samirə Mustafayeva ilə  layihənin adına uyğun olaraq sevgidən danışmışıq. Bilməyənlər üçün deyək ki, "te amo" ispancadan tərcümədə "səni sevirəm" deməkdir. Bu səbəbdən, söhbətimizin əsas mövzusu məhəbbətdir.
                     
İşdə məhəbbət
 
Samirə Mustafayeva ilə Vaqif Aydınoğlu Azərbaycanın ən yaraşıqlı cütlüklərindən biridir. Onlar bir-birini ATV telekanalında görüb tanıyıb, bəyənib və ailə həyatı qurublar.
Televiziyada işə başlayanda evlilik haqqında planları yox idi, onu karyeradan savayı heç nə düşündürmürdü. Lakin tale elə gətirdi ki, televiziyada həm karyerasını qurdu, həm də öz yarına qovuşdu.
Bu xoşbəxt nikahdan cütlüyün Nuran adında 7 yaşlı qızları var.
 
Sevgi qadının da ağlını başından ala bilər...
 
Samirə Mustafayeva hesab edir ki, sevgi həm kişini, həm də qadını məcnuna çevirə bilər:
 
"Mənə elə gəlir ki, əsl sevgi qadını da, kişini də dəyişə bilər. Qadın da, kişi də dəlicəsinə vurula və ağlını itirə bilər. Yaxud əksinə, evlilik insanı yaxşı istiqamətdə dəyişə və müdrikləşdirə bilər. Bu, hər fərdin özündən və iradəsindən asılıdır.  Amma düşünürəm ki, tarazlığı saxlamaq vacibdir. Əslində, sevginin özü də dəlilik deməkdir, hərdən əndazədən çıxan hissləri yaşamaq həyatı daha maraqlı edir".
 
Ailənin uzunömürlü olması üçün hər iki tərəf çalışmalıdır!
 
"Bizdə evlilik məsələsində gənclərə təzyiq göstərirlər. Məsələn, çoxları elə hesab edir ki, sevdiyin bir insan varsa, mütləq elçi gəlməlidir, nişan olmalıdır. Nişandan sonra toy və dərhal uşaq dünyaya gətirməlidir. Xanımlar da ailəni uşaqla möhkəmlədəcəyini, kişini ailəyə uşaqla bağlaya biləcəyini düşünürlər. Halbuki, ailə daha ülvi hisslər və təməllər üzərində qurulmalıdır, məcburiyyət üzərində olmalı deyil".
 
Sevgi də nə vaxtsa tükənir
 
"Bu dünyada heç nə ömürlük deyil. Hər şey kimi sevgi də nə vaxtsa tükənəcək. Münasibətlər bir neçə mərhələdən keçir. Evlilikdən sonra sevgi formasını dəyişir, yerini daha dərin hisslərə verir. Onun yerini hörmət, etibar  və inam tutur".
 
Onu bağışlamaq olarmı?
 
"Xəyanət ağrısını zaman da sağaltmaqda acizdir. Xəyanət acısı xəyanətkara olan sevgi bitəndə keçir!"
 
Güzəştə gedən insan sevən insandır
 
"Ailənin uzun ömürlü olması üçün hər iki tərəf çalışmalıdır. Təəssüf ki, insan onu çox gec dərk edir. İnsanlar ömrünün sonuna qədər birlikdə yaşacağını, yuxudan duracağını, hər səhər, hər axşam birlikdə yemək yeyəcəyini düşünərək evliliyə addım atmalıdır. Onun uzunömürlü olması üçün dost olmağı, güzəştə getməyi bacarmalıdır. Güzəştə gedən insan sevən insandır. Ümumiyyətlə, üzr istəmək, güzəştə getmək sizin haqsız, digərinin haqlı olması mənasını vermir. Bu, o deməkdir ki, sizin münasibətləriniz öz eqonuzdan daha dəyərlidir! Bir insan güzəştə gedə bilmirsə, bu, həmin insanın daxilində burulğanın olduğunu göstərir".
 
Aparıcı düşünür ki, pul kişinin gözünü kor edir, onun ətrafa baxışını dəyişir və özündən başqasını görmür:
 
"Kişinin pulu olmayanda yaxşı və insani keyfiyyətləri üzə çıxır, etdiyi səhvləri başa düşür. Ancaq kişi çoxlu pul qazananda əvvəlki insan olmur, hətta qarşısındakı qadını da tanımır. Ola bilsin, pul kişini heç dəyişmir, sadəcə olaraq, onun əsl kimliyini üzə çıxarır. 
Qadını isə nə pulla almaq, nə pulla sınağa çəkmək lazım deyil. Ümumiyyətlə, qadının sevgisini öz puluna güvənərək qazanmaq aciz kişilərə xas olan əlamətdir".
 
Sevilən aparıcı seviləsi qadın olmağın sirlərindən də bəhs edib:
 
"Bir xanımı yalnız gözəlliyinə və cazibədarlığına görə sevən kişilər gözümdən düşür. Məsələn, mən kişi olsaydım, gözəl, lakin içiboş bir xanımdan tez bezərdim. Gözəllikdən zövq almaq olar, amma sevdiyin və bəyəndiyin insanın söhbətindən də zövq almalı, onda mənəvi rahatlıq tapmalısan. Münasibətlərdə daxili təmizlik, saflıq, düzgünlük, ülvilik də çox vacibdir. Çünki insanın həyatımızda qalıcı biri olub-olmadığını yalnız bununla müəyyən edirik.
Sevilən qadın olmağın digər şərti daim öz üzərində işləməkdir. Ümumiyyətlə, cəmiyyətdə layiqli yer tutmaq üçün öz mövqeyin olmalıdır. Demirəm ki, bunun üçün universitetlər bitirməlidir, ancaq ən azından qadın özünü inkişaf etdirməyə çalışmalıdır".
 
Ağlımın səsini dinləyirəm
 
"21-22 yaşımda sevgi hissləri, ola bilsin, mənim ağlımı başımdan edəcək dərəcədə güclü idi və ona görə, nələrisə qurban verməyə razı olardım. Amma böyüdükcə, həyatı dərk etdikcə başa düşürsən ki, övladdan başqa heç kimə görə heç nəyi qurban vermək olmaz! Əgər ağlım mənə hansısa addımı atmağımı qadağan edirsə, ağlımın səsini dinləyirəm.
Həm ailədə, həm karyerada uğur qazanmaq şübhəsiz ki, çox çətindir. Bunun üçün müəyyən mənada nələrisə qurban verməyə, nələrinsə üstündən keçməyə hazır olmalısan.
On dörd ildir ki, eyni televiziyada çalışıram və tanınıram. Lakin tanınmağım xasiyyətimi dəyişməyib. Onu da vurğulayım ki, uzun müddət eyni sahədə çalışmaqdan qətiyyən bezməmişəm. İnsanların yaddaşında eyni obrazda qalmaq və sevilmək hər adama nəsib olmur. Bu obrazı qoruyub saxlamağa çalışıram. Bəzən deyirlər ki, bir müddət efirdə görünməyəndə tez unudulursan. Mən bu fikirlə razı deyiləm. Tamaşaçı səni daha efirdə görməyə bilər, lakin onun yaddaşından silinmək mümkün deyil. Dünyadan köçəməyimi, yoxluğumun belə, təkcə yaxınlarım tərəfindən deyil, hər kəsin hiss etməsini və məni yad etmələrini istərdim.  Ən azından desinlər ki, bir vaxtlar belə bir aparıcı var idi...
 
Yaxşı gündə, pis gündə...
 
"Yaxşı gündə, pis gündə insan ilk növbədə özünü sevməyi bacarmalıdır. Onda səni sevəcəklər, həyatında da hər şey yaxşı olacaq. Mən özümü çox sevirəm. Təbii olaraq, insanların sevgisini hiss etmək də gözəl hisslərdir.
İstərdim ki, bütün xanımlar özlərini sevsin, məğrur olsunlar. Əlbəttə ki, bu cür insanlar heç kimə boyun əymədiyi üçün çox vaxt problemlərlə, hansısa hallarda maneələrlə üzləşirlər. Amma gecə yuxuya gedəndə kiminsə onları istəmədiyi işi görməyə məcbur etdiyinə görə, vicdanları sızlamayacaq.
Hamı kimi olmadığını, fərqli olduğunu sübut etməlisən! Xoşbəxtliyin açarı da elə bundadır!"

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR