Bakı Limanı “ADA” Universiteti ilə birgə logistika sahəsi üzrə anlaşma memorandumu imzalayıblar

Bakı Limanı “ADA” Universiteti ilə birgə logistika sahəsi üzrə anlaşma memorandumu imzalayıblar
11:03 15 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və “ADA” Universiteti Logistika sahəsində Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramının (MBA) həyata keçirilməsinə dair anlaşma memorandumu imzalayıblar.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi Bakı Limanının dəstəyi ilə logistika və daşımalar, nəqliyyat, limanların idarə edilməsi sahələri üzrə yüksək ixtisaslı və müasir tələblərə cavab verən kadrların hazırlanması üçün “ADA” Universitetində müvafiq ixtisasın tədris edilməsidir.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev logistika sahəsinin ölkə iqtisadiyyatı üçün mühüm sahələrdən biri olduğunu vurğulayıb. O bildirib ki, hazırda universitetdə tədris edilən Biznes İdarəçiliyi üzrə Beynəlxalq Magistr Proqramı əlavə olaraq maliyyə, səhiyyənin idarə edilməsi, insan resurslarının idarə edilməsi, marketinq, texnologiyanın idarə edilməsi sahələrində də ixtisaslaşma təklif edərək Azərbaycanın sürətlə inkişaf edən biznes sektoruna mütəxəssislər hazırlayır. Hafiz Paşayev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ilə də birgə proqramın uğurlu olacağına əminliyini ifadə edib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bu memorandumun Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində peşəkarlar və karyerasını logistika sahəsində qurmaq istəyən gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biri olduğunu qeyd edib: "Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bakı Limanı Azərbaycanı mühüm nəqliyyat və logistika mərkəzinə çevirərək ölkə və regionun iqtisadiyyatında xüsusi rol oynamağı qarşısına məqsəd qoyub. Azərbaycan gənclərinə yatırılan bu investisiyanı həm də məqsədimizə çatmaq istiqamətində atılmış mühüm addım olaraq dəyərləndiririk”. O, həmçinin bu əməkdaşlığın ölkə başçısının neft kapitalını intellektin və peşəkar kadrların inkişafına çevirmək strategiyasına da uyğun olduğunu vurğulayıb.
Memoranduma əsasən 2016-cı ildə “ADA” Universitetində logistika sahəsində Beynəlxalq MBA proqramına qəbul olan tələbələrin təhsili Bakı Limanı tərəfindən maliyyələşdiriləcək. Yüksək ali təhsil standartlarına cavab verəcək Beynəlxalq MBA proqramı “ADA” Universitetinin yerli və əcnəbi professorları tərəfindən ingilis dilində tədris ediləcək. Tədris proqramının müddəti 15 aydır. Bu müddət ərzində, tələbələr tədris proqramı çərçivəsində logistika və təchizat zəncirinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə fənlər və praktiki seminarlar keçəcək, eləcə də xaricdə qısamüddətli təlimlər vasitəsilə uğurlu beynəlxalq təcrübədən yararlanmaq imkanı əldə edəcəklər. Təhsilini uğurla başa vuranlar Bakı Limanında işlə təmin olunacaqlar.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Limani_ADA_Universiteti_ile_birge_logistika_sahesi_uzre_anlasma_memorandumu_imzalayiblar-911273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR