Azərbaycan məşqçiləri Dünya Güləş Birliyinin seminarında iştirak ediblər

Azərbaycan məşqçiləri Dünya Güləş Birliyinin seminarında iştirak ediblər
15:23 15 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Ötən həftə Yaponiyanın paytaxtı Tokioda dünyanın 12 ölkəsindən 30 məşqçisinin iştirakı ilə Dünya Güləş Birliyinin baş məşqçilər üçün təkmilləşdirmə seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Seminarda Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Cəmşid Xeyrabadi və qadın güləşi üzrə yığma komandasının baş məşqçisi Semyon Çterev də iştirak ediblər.
Üç gün davam edən seminarda həm nəzəri, həm də praktiki məşğələlər keçirilib. Məqsəd məşqçilərin təlim üsulları və nəticələrin təhlili qabiliyyətlərini təkmilləşdirmək, texniki və taktiki hazırlıqlarının daha da artırılmasına yardım etməkdir. Seminarda iştirak edən Dünya Güləş Birliyinin Hakimlər Kollegiyasının nümayəndəsi İbrahim Cicioğlu məşqçilərin suallarını cavablandırıb, hakimliklə bağlı problemləri dinləyib, həmçinin güləş qaydalarındakı son vəziyyət barədə video-məlumat verib.
Yığma komandanın baş məşqçiləri seminarın onlar üçün olduqca faydalı olduğunu bildirib: “Hər bir idmançı öz üzərində daim işləməli, taktiki-texniki, fiziki hazırlığını artırmalı və uğura gedən yolda bir saniyə belə fasilə verməməlidir. Bu prinsip həm də məşqçilərə aiddir. Biz də idmançılar kimi daimi yeniliklər axtarır, öz bilik və bacarıqlarımızı artırmaq və bu bilikləri yetirmələrimizə ötürməyə çalışırıq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi idmançıların yüksək səviyyəli təlim-məşq toplanışları keçməsi ilə yanaşı, biz məşqçilərin də Dünya Güləş Birliyinin bu cür təlim və seminarlarında iştirakına xüsusi diqqət ayırır. Seminar zamanı biz digər ölkələrdən olan həmkarlarımızla geniş fikir mübadiləsi apardıq, Dünya Güləş Birliyinin təlim-məşq proseslərinin təşkili və keçirilməsi üçün müəyyən etdiyi normativ aktlarla tanış olduq. Ümumilikdə, seminar həm bizim üçün, həm də digər ölkələrdən olan həmkarlarımız üçün faydalı oldu”.
Məlumat üçün bildirək ki, bu günlərdə Tbilisidə Dünya Güləş Birliyinin Birinci Mərhələ Məşqçilik Kursu da keçirilir. Kursda yığma komandamızın məşqçilər korpusundan sərbəst güləş üzrə Arif Abdullayev, Rövşən Umudov və Elşad Allahverdiyev, yunan-Roma güləşi üzrə isə Bəhram Mürvətov, Rasim Ağayev və Fuad Alıyev iştirak edir.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_mesqchileri_Dunya_Gules_Birliyinin_seminarinda_istirak_edibler-911379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR