Səni torpağa tapşırıram...

Səni torpağa tapşırıram...
17:39 16 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

 

 

İlqar Rəsul

 

"Bəşər tarixindən, yaranışdan üzü bəri insanlar ədalət axtarırlar, onun uğrunda mübarizə aparırlar. Amma bu mübarizə insanlar ədalətsizliklə rastlaşan zaman aparılır".

 

Bunu bir neçə il əvvəl vəkil Elton Quliyev mənimlə söhbətində demişdi. O Elton Quliyev ki, bu gün torpağa tapşırdıq. Əslində belə adamları ya xoş niyyətlə Allaha, ya da sadəcə torpağa tapşırmaq olar. Başqa heç kimə və heç nəyə. Mən onu heç vaxt Allaha tapşırmamışdım. Nə vaxtsa torpağa tapşıracağımı da heç ağlıma gətirməzdim. Amma başıma gəldi...

 

Yağışlı bir dekabr günündə ölüm xəbəri gəldi və biz onunla vidalaşmağa getdik. Əvvəl tabutun, sonra da indicə üstü torpaqlanıb güllərə qərq edilmiş məzarın içindəkinin Elton Quliyev olduğunu heç cür dərk edə bilmirdim. Dünyaya sığmayan bir adamın tabuta və məzara sığışması ağlıma batmırdı. Amma mənim ağlımla reallıq arasındakı mübarizənin qalibi reallıq idi. Gözümün qarşısında dualar oxunub məzara qoyulan Elton Quliyev idi. Bunu dəfn mərasimini foto və video kameraların yaddaşına köçürən jurnalistlərin gözlərindən də anlamaq olurdu. Onlar ağlayırdılar...

 

Elton Quliyev həqiqətən də yoxluğuna çoxlarını ağladacaq bir insan idi. Heç bir çərçivəyə sığmayan, heç kimi və heç nəyi eyninə almayan, öz işini son həddinə qədər bilən bir insan idi Elton Quliyev. Onu ayrıca olaraq bir vəkil və ya yaxşı bir dost, yaxud təmiz bir insan kimi xarakterizə etmək düzgün deyil. Elton Quliyev bütün parametrlər üzrə çox azad və çox nəhəng bir insan idi. Rusiya incəsənətinin nəhəngləri olan Vladimir Vısotskini, Vasili Şukşini xatırlayırdım onu görəndə. Elton Quliyev də onlar kimi görkəm etibarı ilə çox sadə, heç kimdən fərqlənməyən, amma özündə, varlığında qeyri-adi istedada malik nəhəng bir insanı daşıyan, yaşadan şəxsiyyət idi.

 

Onun fikrincə, ədalət - düzgünlük demək idi: "Ədalət düzgünlükdü. Çoxları ədalət haqqında müxtəlif fikirlər söyləyib. Amma hamısının dedikləri son nəticədə ədalətlə həqiqəti eyniləşdirməklə qurtarır. Hər bir halda həqiqət, insaf, haqq. Məncə, bunların məcmusu ədalət deməkdir. Şübhəsiz ki, bu, subyektiv qiymətləndirmədi. Biri üçün ədalətli olan, digəri üçün ədalətsiz ola bilər. Amma əgər ədalət həqiqətə, haqqa, insafa  söykənirsə və nəhayət, bu haqq, insaf, həqiqət qanuna söykənirsə, bu bizim istədiyimiz ədalət olur. Ədalət məhz qanuna söykənərək zəfər çalır, yaxud qiymətləndirilir".

 

O, arzuları ilə də başqalarından xeyli fərqlənirdi. Arzusu bir saat qayğısız olmaq idi. Yalnız bir dəfə belə olub dediyinə görə. Universitetin hüquq fakültəsinə qəbul olunduğunu öyrənib evlərinə dönəndə yol boyu bir saat tam qayğısız olub. Çox istəyirdi ki, bir dəfə də eləcə qayğısız olsun bir saat. Amma heç vaxt olmadı deyəsən...

 

Onu bircə dəfə gözləri doluxsunan gördüm. Amma təəccüblənmədim. Çünki yaralı yerinə toxunmuşdum. Dostu İsaxan Aşurovun (Azərbaycanın ən sayılıb-seçilən vəkillərindən biri idi) vəfatını xatırlatdım ona. Ondan danışarkən gözləri yaşardı. Yeri gəlmişkən, Elton Quliyevin vəfatını dostunun ardınca o dünyaya gediş kimi də dəyərləndirmək olar. Dostluğa çox sadiq adam idi.

 

Bu dünyada həm də özünü çoxdan tapanlardan idi Elton Quliyev. Amma yenə də axtarırdı. Deyirdi ki:

 

"Allahın insanı yaratmasındakı hikmət, elə onu özü ilə tək buraxıb özünü axtarmağa vadar eləməsindən ibarətdir. Allah insanı özünü axtarmaqdan ötrü yaradır. İnsan özünü axtarmalıdır və yəqin hikmət də, sonda veriləcək imtahanın nəticəsi də ondan ibarətdir ki, insan özünü axtararkən öz cığırı, öz yolu ilə getsin. Bu qədər qarışıqlıqda insanın özünün özünü axtarması və bu axtarışın da xoş nəticələnməsinə nail olması, mənə elə gəlir ki, çox böyük rahatlığa səbəb ola bilər və olmalıdır da". 

 

Elton Quliyevin fikrincə, insan özünü dəfələrlə axtarır, itirir, sonra yenə axtarır və bu proses onun ömrü boyu davam edir.

 

"İnsan öz şüurunda, öz düşüncəsində özü üçün müəyyən bir trafaret çəkir və özünü o trafaretə yaxınlaşdırmaq istəyir. Çox hallarda bu həlledici stimul olur. Və insan əgər 20 yaşında özünü 15 yaşında təsəvvür etdiyi bir trafaretə yerləşdirə bilirsə, onun axtarışı nailiyyətlə nəticələnir. Amma o, 20 yaşa çatanda özü üçün 30 yaşlı bir portret də çəkir ki, zamanla ona uyğunlaşdırsın özünü. Məncə insan özünü daim axtarır və elə həyatın mənası da yəqin ki, budur ".  

 

O, bu dünyanı, bu mühiti özü üçün o qədər kiçiltmişdi ki, ətrafında dözülməz heç nə görmürdü. “Yalnız özümə dözməklə məşğulam” - deyirdi hərdən. Bir də vaxtı ilə Ağdam şəhər bir saylı orta məktəbin ibtidai sinfində ona dərs demiş Şükufə müəllimdən tutmuş, universitetədək bütün müəllimlərini həmişə hörmətlə yad edirdi...

 

P.S. Hərdən mənə zəng edərdi. Hal əhval tutub, “bir gün bir samovar çayı içək” - deyər, söhbətin şirin yerində qəfildən sağollaşıb qapadardı telefonu. Bir dəfə samovar çayı içib söhbətləşəndə “o nə zənglərdi arada edib, sonra tez də xudahafizləşirsən?” - dedim. Gülüb dedi ki, "sənin səsin müalicəvi səsdir. Narahat olanda zəng edib müalicə alıram".

Axır vaxtlar heç zəng eləmirdi. Sən demə, xəstəliyi sağalmaz imiş....


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR