Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Tədbirlər çərçivəsində dekabrın 17-də səfirliyin dəstəyi və Küveytdə fəaliyyət göstərən Vətənsevər Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə birlikdə “Reborn Kids Education Academy” məktəbində “Azərbaycan küveytli uşaqların gözü ilə” adlı “Beynəlxalq Gün” təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan haqqında məlumat verilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyi və ölkəmizin ənənəvi bayramlarından birinə çevrildiyi qeyd edilib. Bu bayramın dünya azərbaycanlılarının həmrəyliyini nümayiş etdirdiyi, xalqımızın milli mənəvi dəyərlərinə hörmət və sevgi hissləri aşıladığı, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birliyin yaradılması işində mühüm rol oynadığı vurğulanıb.
Şagirdlər Azərbaycan dilində dövlət himnimizi səsləndiriblər. Eyni zamanda, uşaq mahnıları və Azərbaycanın ən qədim rəqs növlərindən biri olan “Yallı” rəqsi ifa edilib.
Tədbirdə ölkəmizin qədim və müasir mədəniyyət abidələri, gəzməli, görməli yerləri, tarixi məkanları və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.