Əmək haqlarının və pensiyaların artırılması məsələsinə yenidən baxıla bilər

Əmək haqlarının və pensiyaların artırılması məsələsinə yenidən baxıla bilər
17:12 21 Dekabr 2015
213 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti yenə də düşməkdə davam edərsə, həm bununla, həm də manatın devalvasiyası ilə bağlı qərardan sonra parlamentdə dövlət büdcəsinə, bu çərçivədə əmək haqlarının və pensiyaların artırılması məsələsinə yenidən baxıla bilər.

Bunu Milli.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın üzən məzənnə rejiminə keçilməsi barədə qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçidlə bağlı qərarı gözlənilən idi: "Biz hələ fevral ayında ilk devalvasiya zamanı demişdik ki, üzən məzənnə siyasətinə keçmək lazımdır. Çünki neftin qiyməti kəskin aşağı düşür. Dekabrın 16-da da ABŞ-da Federal Ehtiyatlar Departamenti faiz dərəcələrini 0,25-dən 0,50-yə qaldırdı. Ümumiyyətlə, yaranmış vəziyyət tələb edirdi ki, məhz bu siyasətə keçək. Ona görə də MB-nin atdığı bu addım labüd idi".

Amma burada iqtisadçının fikrincə, bununla bağlı müəyyən qabaqlayıcı tədbirlər görməyə ciddi  ehtiyac var: "Əvvəla, 21 fevral devalvasiyasından sonra banklar heç də özlərinə tam gəlməmişdilər. Hətta bir sıra banklar ziyanla işləyirdi. Bax o bankların məsələsi həll olunmalı idi. İndiki devalvasiyadan sonra isə həmin banklarda müəyyən problemlər yarana, hətta bəziləri bağlana bilər. Nə qədər ki, bu baş verməyib, fəlakətin qarşısını almaq üçün hökumət tərəfindən təcili addımlar atılmalıdır.

Digər məsələ, banklardan dollarla kredit götürmüş fiziki və hüquqi şəxslərlə bağlıdır. Düzdür, onlar arasında müqavilə var, əgər müqavilə şərtlərində borcun hansı valyuta ilə ödənilməsi konkret göstərilməyibsə, burada bank və müştəri məsələni qarşılıqlı anlaşma ilə həll edə bilər. Əgər müqavilədə konkret dollarla ödənilməsi göstərilibsə, dollarla verilən kredit dollarla da qaytarılacaq. Amma bu zaman kredit götürən müştərilər dolların 50 faizə yaxın bahalaşmasından ziyan çəkəcəklər. Bu halda bankın imkanı olsa, müştəriyə güzəştə getməlidir. Ola bilər ki, hökumət də bu məsələdə onlara köməklik etsin".

Ölkədə mümkün bahalaşmaya gəlincə, millət vəkili hesab edir ki, istənilən devalvasiya prosesi qiymətlərə təsir göstərir. Əsas məsələ odur ki, hökumət ümumiyyətlə iqtisadiyyatın dirçəlməsi üçün təcili və təxirsalınmaz tədbirlər görməldir: "Fevral devalvasiyasından sonra da müəyyən bahalaşma oldu. Obyektiv proseslər öz yerində, amma qiymətlərin süni şişirdilməsinə qarşı xüsusən İqtisadiyyat və Sənaye Nazirliyi, onun müvafiq departamenti mübarizə tədbirlərini gücləndirməlidir. Amma neftin qiyməti aşağı düşməkdə davam edərsə, üzən məzənnə siyasəti müəyyən qədər dəyişə bilər. Ümumiyyətlə, hökumət çoxdan qabaqlayıcı tədbirlər görməli idi, amma indi də gec deyil. Hökumət çevik işləməli, ölkədə qeyri-neft sektorunun inkişafına, istehsala diqqət artırılmalı, ixrac yönümlü məhsulların strukturuna baxmaq, ümumiyyətlə, nefti və qazı  bir kənara qoyub onları unutmaq lazımdır, yeni zavod-fabriklər inşa edilməlidir. Ortada çox ciddi problemlər var, onları qısa müddətdə həll etmək lazımdır".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR