Naxçıvan, 9 fevral, Rauf Əliyev, AzərTAc
Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaratdı. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələrinin imzalanması, bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil olunması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş oldu.
AzərTAc xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfransda səsləndirilib.
Naxçıvanın muxtariyyət qazanmasının 91 illiyinə həsr olunmuş konfransda çıxış edən AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü İsmayıl Hacıyev bildirib ki, dəfələrlə ərazisi müharibə meydanına çevrilsə də Naxçıvan heç vaxt əyilməyib, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlayıb. Çoxəsrlik Azərbaycan tarixində özünəməxsus zənginliyi ilə seçilən və bütün tarixi dövrlərdə ciddi siyasi-strateji əhəmiyyət kəsb edən Naxçıvan istiqlal mücadiləmizdə və dövlət quruculuğu prosesində dinamik mərkəz rolunu oynayıb.
Qeyd olunub ki, Naxçıvan Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyarıdır. X əsrdə burada “Naxçıvan şahlığı”nın, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb. Bu hadisə qədim diyarın düşmənlərdən müdafiəsi və ərazisinin qorunub saxlanılması üçün əhəmiyyətli rol oynayıb.
Naxçıvanın muxtariyyət qazanması həm də tarix boyu yaranan dövlətçilik ənənələrinin davam etdirilməsinə rəvac verib. 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranan Naxçıvan Muxtar Respublikasının əhalisi qədim diyarın Azərbaycanın tərkibində saxlanılması üçün istər hərbi, istərsə də siyasi-diplomatik sahələrdə fədakarlıqla mübarizə aparıb. Muxtariyyət statusunun beynəlxalq hüquqa əsaslanması Naxçıvanı həm də erməni təcavüzündən qoruyub.
Bildirilib ki, ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə böyük nailiyyət kimi qiymətləndirib. Ümummilli Liderimiz deyib: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Türk dünyasının böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qədim diyarın toxunulmazlığı istiqamətində mühüm tədbirlər həyata keçirib. Həmin illərdə Naxçıvanda qəbul edilən tarixi qərarlar həm də Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə də mühüm rol oynayıb.
Sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Fəxrəddin Səfərlinin “Zərurətdən yaranan muxtariyyət”, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Naxçıvanın muxtariyyət statusu və onun tarixi əhəmiyyəti”, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsi”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Muxtariyyətin Naxçıvan modeli” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.