Şeyxülislamdan Milad təbriki

Şeyxülislamdan Milad təbriki
17:11 24 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekutanı onun öz xahişi ilə qəbul edib.

ANS PRESS-in məlumatına görə, səfiri səmimi salamlayan QMİ sədri onu və onun simasında bütün ABŞ xalqını qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edərək xoş arzularını bildirib.

Səmimi şəraitdə keçən görüş çərçivəsində Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər, habelə, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə səfiri məlumatlandıran Şeyxülislam Allahşükür Paşazadə ölkəmiz müstəqillik qazandıqdan sonra bu sahədə görülən işlərin miqyasından məmnunluğunu bildirib.

Səfir R. Sekuta, öz növbəsində, fəaliyyət müddəti ərzində Azərbaycanda müşahidə etdiyi dinlər və məzhəblərarası doğma, səmimi münasibətlərdən, ölkəsində olduğu kimi, Azərbaycanda da tolerantlıq mühitinin mövcudluğundan məmnunluğunu xüsusi vurğulayıb. O bildirib ki, səfir olaraq, öz vəzifəsini Azərbaycan və ABŞ arasında əlaqə və münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi yönündə səy göstərməkdə görür.


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta

Allahşükür Paşazadə xalqlarımız və dövlətlərimiz arasında dostluq və əməkdaşlığın daha gözəl səviyyəyə qalxmasını arzu etdiyini dilə gətirib. O vurğulayıb ki, ABŞ-dan təşrif buyuran müxtəlif ictimai, siyasi, dini xadimlərlə, KİV nümayəndələri ilə görüşlərində hər zaman bu istiqamətdə ünsiyyət aparıb.

Görüşün sonunda səfir R. Sekuta Şeyxülislamın simasında bütün Azərbaycan müsəlmanlarını qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR